Övlad qayğısından məhrum valideynlər

23 Sentyabr 2014 11:15 (UTC+04:00)

Vaxtilə valideynə hörmət, valideynə itaətin Allaha itaət prinsipi ilə yaşandığı ölkəmizdə indi bu dəyərlər tam əvvəlki kimi işlək deyil. Hörmət etmək bir yana, son illər valideynindən imtina edən, kimsəsiz kimi dövlətin, qocalar evinin ixtiyarına verən insanların sayında  müəyyən artım olması da narahatlıq doğurur. Bəzi insanlar məşəqqətlərinə, çətinliklərinə sinə gərib bütün varlıqları ilə onların xoşbəxt olub kamala çatmaları üçün çalışan valideynlərindən imtina edirlər. Nəticədə də  belə valideynlər məcburən  qocalar evinə müraciət edir ki, onların sayında müəyyən artım  narahatlıq doğurur. 

Mövqe.az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, bu artıma səbəb son illər Azərbaycanda insanların bir-birinə münasibətinin arzu olunmayan istiqamətdə dəyişməsidir. Onun sözlərinə görə, əvvəllər ailəyə, valideynə və övlada münasibətdə insanlar özlərini daha məsuliyyətli hesab edirdilər: "Daha çox mənəvi dəyişmələr hesabına ailə münasibətlərdə soyuqluq artır. Kimlərsə bunu kasıblıqla bağlayır. Amma bu belə deyil. Çünki müharibə dövründə Azərbaycanın vəziyyəti indikindən daha pis olub. O vaxt belə deyildi. İnsanlar, ələlxsus gənclər ailə üzvlərinə daha çox qayğıkeş münasibətdə olurdu". 

  Əhməd Qəşəmoğlu bildirir ki, Azərbaycan ailəsində heç zaman indiki kimi gərginlik yaşanmayıb: "Əvvəllər ailədə gəlin indiki kimi qaynataya, qaynanaya pis münasibətdə olmayıb. Həmişə gəlinlər evin böyüyünə xoş münasibət göstərməyi üstün tuturdularsa, indiki gənc gəlinlər evin yaşlılısından tez yaxa qurtarmasını arzulayırlar. Bu psixoloji dəyişikliklər gərgin vəziyyət yaradıb".

  Sosioloqun sözlərinə görə, bütün dünyada artıq mənəvi dəyərlərdən çox maddi dəyərlər qabağa keçir. Bundan əlavə, sosial şəbəkələr, internet və s. vəziyyətin pisləşməsinə yalnız vasitəçidir. Ekspert çıxış yolu kimi maarifləndirmə, təbliğat işlri görülməsini məsləhət görür: "Əvvəllər mənəvi dəyərlərə üstünlük verilirdi. Bu da ailəni köklü şəkildə formalaşdırırdı. İndi insanlar daha çox bir-birindən maddiyyət umurlar. İndi elə etmək lazımdır ki, mənəvi dəyərlərə daha çox üstünlük verilsin. Burada təbliğat əsas rol oynayır. Elmi əsaslı proqramlar hazırlanmalı,  tədqiqatlar aparılmalıdır".


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də məsələyə münasibətini öyrəndik. Nazirlikdən Bilgəh qocalar evi, burda yaşlılara göstərilən qayğı haqda geniş məlumat verildi: "Bilgəh Müharibə və əmək əlilləri üçün pansionatı (Qocalar evi) 1964-cü ildən fəaliyyət göstərir. Pansionat pensiya yaşlı, yəni 63 yaşdan yuxarı tənha vətəndaşların və əlillərin dövlət himayəsində yaşadığı ümumi tipli bir müəssisədir. Burada tənha ahıllar və əlillər daimi olaraq yaşayış şəraiti, həmçinin qida, geyim və tibbi xidmətlə təmin olunurlar.

18 sentyabr 2014-cü il tarixə olan məlumata əsasən, pansionatda 176 nəfər tənha ahıl və əlil yaşayır. Son vaxtlarda Müharibə və Əmək Əlilləri üçün Pansionatda əsaslı təmir və yenidənqurma işləri yerinə yetirilməklə, həmçinin pansionat üçün ikinci korpus kimi, 5 mərtəbəli bina inşa olunaraq istifadəyə verilib. Yeni binada qabaqcıl beynəlxalq təcrübədən irəli gələn meyarlara uyğun olaraq, tənha ahıl və əlillərin daha keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilməsi, asudə vaxtlarının mənalı təşkili üçün müvafiq şərait, kitabxana və idman zalları, onların özünüməşğulluğu üçün emalatxanalar yaradılıb. Binanın ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb. Hazırda digər, yəni köhnə binada isə əsaslı təmir işləri aparılır".