Yeni xəstəxana açıldı
23 Sentyabr 2014 15:43 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
əsaslı yenidənqurmadan sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında
yaradılan şəraitlə tanış olub.
Movqe.az-ın AzərTAc-a istinadən verdiyi məlumata
görə, səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına burada
görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, 1978-ci ildə tikilən binada
indiyədək əsaslı təmir işləri aparılmayıb. Səhiyyə Nazirliyinin
sifarişi əsasında aparılan təmir işlərinə 2012-ci ilin avqustunda
başlanılıb. Əsaslı təmir işləri "İnam YR İnşaat" Məhdud
Məsuliyyətli Cəmiyyət tərəfindən həyata keçirilib. Yenidənqurma
işləri çərçivəsində xəstəxananın ərazisi hasarlanıb. Yaşıllıq
sahəsi salınıb. Bina su anbarı, elektrik yarımstansiyası və
generatorla təchiz edilib.
Binanın foyesində ulu öndər Heydər Əliyevin və
Prezident İlham Əliyevin ölkəmizdə səhiyyə sisteminin inkişafına
göstərdikləri diqqəti əks etdirən fotostend yaradılıb. Xəstəxananın
105 çarpayılıq ikimərtəbəli binası 2,4 hektar ərazidə yerləşir.
Binadakı iş otaqları və palatalar bütün zəruri avadanlıqla təchiz
olunub. Xəstəxanada təcili yardım, qəbul, laboratoriya, funksional
diaqnostika, cərrahiyyə, terapiya, pediatriya, mama-ginekoloji,
reanimasiya, yoluxucu xəstəliklər, travmatologiya, hemodializ
şöbələri fəaliyyət göstərir. Tibb ocağının fizioterapiya,
rentgen-flüoqrafiya, ultrasəs müayinəsi, elektro-kardioqramma və
digər kabinetləri də müasir avadanlıqla təchiz
edilib.
Xəstəxanada aparılan əsaslı yenidənqurma işlərilə
tanışlıqdan sonra dövlət başçısı tibb ocağının kollektivi və rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşüb.