Sürücülər indi də keyfiyyətsiz yağlardan şikayət edirlər

24 Sentyabr 2014 08:01 (UTC+04:00)

Avtomobil sahiblərinin tez-tez narazılıq etdiyi məsələlərdən biri də mühərrik yağlarının keyfiyyəti ilə bağlıdır. Keyfiyyətsiz yağ səbəbindən sürücüyə dəyən maddi ziyanın həcmi bəzən kifayət qədər böyük olur. Belə hal bəzən mühərrikin tam sıradan çıxması ilə də nəticələ bilir.

Müşahidələr göstərir ki, indinin özündə də keyfiyyəsiz yağın əziyyətini çəkən sürüculərin sayı heç də az deyil. Mütəxəsislərin sözlərinə görə, bu cür yağ avtomobilin sürətinə, mühərrikin yaxşı işləməməsinə, eləcə də benzinin çox sərfiyyatına səbəb olur. Hesab edilir ki, yaranmış durumda mühərrik yağı alarkən satıcıdan onun keyfiyyətini təsdiq edən sənədi tələb etmək lazımdır. İşlənmiş maşın alan sürücülərdən xüsusilə diqqətli olmaq tələb olunur. Əgər keyfiyyətsiz yağ səbəbindən avtomobildə hər hansı problem yaranıbsa, şəxs dəymiş ziyanın qarşılığını satıcıdan tələb edə bilər. Lakin Azərbaycan praktikasında buhallara nadir şəkildə rast gəlinir.

Azərbaycan Texniki Universitetinin "Avtomobil vasitələri" kafedrasının müdiri Rauf Məmmədov qəzeimizə bildirdi ki, adi vətəndaş yağın keyfiyyəti haqqında ancaq avtomobilin texniki vəziyyətinə görə mülahizə yürüdə bilər: "Yəni, indiki şikayətlər peşəkar fikri deyil. Ancaq hər bir yağ verən məntəqə satdığı mühərrik yağına görə məsuliyyət daşıyır və ona cavabdehdir. Satıcıda satdığı yağın sertifikatı olmalıdır. Əgər belə bir şübhə varsa, vətəndaş da aldığı yerdən sertifikat tələb etməlidir. Hərdən vətəndaşlar keyfiyyətli, ancaq ucuz yağ istəyirlər. Bu istək absurd məsələdir. Ucuz yağlardan istifadədən sonra onun pis nəticələri baş qaldırır. Brend markanı təsdiq edən sertifikat olmalıdır. Ancaq həmin brend yağları da saxtalaşdırmaq mümkündür. Bu iş xüsusi bacarıq tələb edir".

Kafedrə müdiri hər bir satış məntəqələrinin yağın keyfiyyətinə görə məsuliyyət daşıdığın vuruladı: "Xüsusi ilə rəsmi müəssisələr verdikləri yağa görə cavabdehdirlər. Kiminsə sözünə görə, rəsmi distribütorlarda da yağın keyfiyyətsiz olmasını demək düzgün deyil. Yağın texniki pasportu olur. Orada yağın keyfiyyət göstəriciləri göstərilir. Setifikatsız yağların alınması isə heç düzgün deyil".

Rauf Məmmədovun sözlərinə görə, adi vətəndaş yağın keyfiyyətini alarkən müəyyən edə bilməz: "Əvvəllər ustalar primitiv formada - barmaqların arasında sürtməklə yağın keyfiyyəti haqqında nəsə deyə bilirdilər. Artıq onu da demək mümkün deyil. Çünki, yağın tərkibindəki aşkarlar müəyyən çöküntü verib həmin hissiyatı yarada bilər. Hazırda heç yağın rəngi də onun keyfiyyət göstəricisi deyil. Çünki, mühərrikə tökəndən sonra yağın rəngi dəyişə bilər. Ancaq yağın şəffaflığı qalmalıdır. Yağın keyfiyyətini müəyyən etmək üçün xüsusi loboratoriyalar var. Hər bir yağ alan vətəndaşda isə bu, ola bilməz. Əgər istehlakçı şübhələnirsə, hansısa laboratoriyada fiziki-kimyəvi analizlər edə bilər. Əsas göstəricilər yağın özlülüyü, turşuluğudur. Bunları müəyyən etmək üçün xüsusi laboratoriya şəraiti tələb olunur. Gözlə baxmaqla yağın keyfiyyəti haqqında nəsə demək mümkün deyil. Adi istehlakçı ancaq yağ qabının üzərindəki yazıya inanmalı olur. Bundan başqa, qablaşdıranın keyfiyyətinə diqqət yetirilir. Vətəndaş ancaq yağın keyfiyyət göstəricisi yazıda görə bilər".

Mütəxəssis qeyd etdi ki, yağın özlülüyü az olanda metal-polad hissələrdə yeyilmə intensiv artacaq: "Düzdür, bunu avtomobil sahibi gec biləcək. Çünki, yeyilmə nəticəsində sonda sınmalar ola bilər. Özlülük normadan çox olanda isə işləyən mexanizmlərdə müqavimət artacaq. Bununla da mühərrikin gücü azalacaq. Həmçinin keyfiyyətsiz yağ yanacaq sərfinə təsir edir. Yağın səviyyəsinin kəskin düşməsi buxarlanma sürətləndirir və mühərrik qızır. Avtomobil sahibi məhz yağdan olmasını hiss etməz. Yəni, yağ istənilən aqreqat üçün qidadır. Keyfiyyətsiz olarsa, müxtəlif imtinalara gətirib çıxara bilər".