Avstriyada Azərbaycan mədəniyyət günləri keçiriləcək
23 Sentyabr 2014 18:59 (UTC+04:00)
Sentyabrın 23-də mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev ölkəmizdə səfərdə olan Avstriya
hökumətinin mədəniyyət məsələləri üzrə məsləhətçisi, Avropanın
mədəniyyət paytaxtları müsabiqəsinin münsiflər heyətinin üzvü
Norbert Ridl ilə görüşüb.
Movqe.az AzərTac-a istinadən məlumat verir ki, Ə.Vəliyev qonağa
Azərbaycan ilə Avstriya arasında mövcud mədəni əlaqələrindən söz
açıb.
Görüşdə 2015-ci ilin oktyabrında Avstriyada Azərbaycanın mədəniyyət
günlərinin keçirilməsi müzakirə olunub.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Norbert Ridl
bildirib ki, ötən müddətdə iki ölkə arasında keçirilən mədəniyyət
tədbirlərinin iştirakçısı olub və həmin anları çox gözəl
xatırlayır. O, Heydər Əliyev Fondunun ikitərəfli mədəni əlaqələrin
inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Bugünkü əməkdaşlığın səviyyəsindən razılığını bildirən qonaq gələn
ilin oktyabrında Avstriyada keçirilməsi planlaşdırılan Azərbaycan
mədəniyyəti günlərindən danışıb. Qeyd edib ki, mədəniyyət günləri
çərçivəsində Azərbaycan musiqisinin, miniatür kitablarının,
folklorunun, turizm potensialının təqdimatı, foto və rəsm
sərgilərinin təşkili, bu tədbirlərin təkcə Vyanada deyil, eyni
zamanda paytaxta yaxın olan müxtəlif şəhərlərdə keçirilməsi müsbət
hadisə olardı. Mədəniyyət günləri çərçivəsində Azərbaycan
filmlərinin nümayiş etdirilməsi də Avstriya tamaşaçıları tərəfindən
maraqla qarşılanardı.
Qonaq hələ bir neçə gün Bakıda qalacağını, paytaxtımızın mədəniyyət
müəssisələri ilə yaxından tanış olacağını bildirib.