16 İyul 2012 14:49 (UTC+04:00)
APA-nın festivalın rəsmi saytına istinadən
yaydığı xəbərə görə, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən festivalda
dünyanın bir çox ölkəsindən musiqiçilər iştirak edəcək. Bu
festivalda dünyaca tanınmış Royal Filarmonik Orkestrinin konserti
də təşkil olunacaq. IV Qəbələ Musiqi Festivalının ilk konserti
iyulun 24-də Azərbaycanın dünya şöhrətli musiqiçisi Müslüm
Maqomayevin 70 illik yubileyi ilə bağlı olacaq.
Festival çərçivəsində iyulun 25-də Üzeyir Hacıbəyli adına Simfonik
Orkestrinin konserti keçiriləcək. Konsertləri məşhur dirijorlar
Rauf Abdullayev və Azad Əliyev idarə edəcək. İyulun 26-da Fikrət
Əmirovun 90 illik yubileyinin, iyulun 27-də vokal konsertinin
keçirilməsi planlaşdırılır. Eyni zamanda festivalda Bakı Musiqi
Akademiyasının Orkestrinin konserti keçiriləcək və proqramda Yeganə
Axundova, Murad Hüseynov, Murad Adıgözəlzadə çıxış
edəcək.
İyulun 28-də festival çərçivəsində muğam konserti baş tutacaq.
Konsertdə muğam ifaçıları İlkin Əhmədov, Arzu Əliyeva, Ehtiram
Hüseynov səhnəyə çıxacaqlar. Muğam ifaçıları tarda Sahib Paşazadə,
kamançada Xəyyam Məmmədov, qanunda Təranə Əliyeva, nağarada Emin
Cəbrayılov, balabanda Mehman Nuriyev müşayiət edəcək.
İyulun 29-da maestro Niyazinin 100 illiyi, iyulun 30-da Fərhad
Bədəlbəyli, Murad Adıgözəlzadə, Dmitri Yablonskinin, avqustun 1-də
Yuri Başmetin, avqustun 2-də Boris Berezovskinin konsertləri
keçiriləcək. İyulun 31-də və avqustun 3-də Qəbələdə dünya şöhrətli
Royal Filarmonik Orkestri konsert verəcək. Konsertlərdə Charles
Dutoit, Lisa de La Salle, Mchal Nesterowçz çıxış edəcək. İyulun
5-də festival Murad Adıgözəlzadə, Fərhad Bədəlbəyli və Teymur
Süleymanbəylinin çıxışları ilə öz işini
yekunlaşdıracaq.