Rusiya nicatını Azərbaycanda axtarır

25 Sentyabr 2014 08:14 (UTC+04:00)

Rusiyanın əhalisini Qərb sanksiyaları işədüşməzdən əvvəl olduğu ərzaq məhsulu ilə təmin etməkdə problemlər yaşması artıq açıq şəkildə hiss olunmaqdadır. Bu fonda isə hökumət yerli tələbatı ödəmək üçün növbəti addım atmağa qərar verib. Belə ki, Rusiya meyvə və tərəvəz istehsalı ilə bağlı yeni müəssisələrinin yaradılması istiqamətində Azərbaycanla birgə layihələr üzərində işləyir. Bunu Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib: "Biz hazırda Türkiyə və Azərbaycanla meyvə və tərəvəz istehsalı bağlı yeni birgə müəssisələrin, o cümlədən logistik mərkəzlərin, anbarların və s. yaradılması üzərində işləyirik. Bu problemin həllinə çalışırıq. Biz ərzaq bazarında pozulan balansı aradan qaldırmalıyıq. O cümlədən, əlavə idxal üçün əvvəllər məhsul gətirmədiyimiz ölkələrə müraciət etməliyik".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Rusiyanın bu təşəbbüsün daha çox siyasi qərar hesab edir və Azərbaycan aqrar sahəsinə köklü təsiri olmayacağı qənaətindədir: "Layihə Azərbaycana heç cür təsir etməyəcək. Azərbaycanın hansısa kənd təsərrüfatı məhsulunu istehsal etmək üçün nəyi yoxdur? Birgə müəssisə yaratmaqla Rusiya hansı resurları ilə bu işdə yardımçı ola bilər? Azərbaycanının kənd təsərrüfatı məhsulu istehsal etmək üçün bütün resursları kifayət qədərdir. Azərbaycanın ancaq müasir texnikası yoxdur. Həm də Azərbaycanın bu işi həyata keçirəcək peşəkar kadları azdır. Bunda da Rusiya elə bir yadım verə bilməz. Çünki, Rusiyanın özü texnologiyanı Avropadan idxal edir. Özlərində də istehsalla bağlı müəyyən vərdişlər dəyişməyib. Odur ki, Rusiyanın bu addımı siyasi gedişdir. Onunla bağlıdır ki, Rusiya son zamanlar Avropadan idxal olunan bir sıra məhsula embarqo qoyub. Artıq həmin ölkələrlə problemi yaranıb. Bu baxımdan itkilərini bərpa etmək istəyir. Söhbət məhsuldan getmir. Qərb dövlətləri ilə münasibətləri korlanıbsa, başqa dövlətlərlə münasibətləri yaxşı etmək lazımdır. Bu baxımdan Azərbaycan da daxil olmaqla bir sıra ölkələri özünə yaxın etmək istəyir. Yəni, istəyir ki, itirilmiş mövqeni digər formada bərpa etsin".

Ekspertin fikrincə, Azərbaycan Rusiya üçün kənd təsərrüfatı məhsulunun istehsalı baxımından elə də cəlbedici ölkə deyil: "Rusiya Azərbaycanın vəziyyətini yaxşı bilir. Azərbaycan ən yaxşı halda özünün daxili istehsal hesabına əhalinin tələbatını ödəyə bilər. Bu gün təəssüflər olsun ki, biz bir sıra məhsulda adambaşına istehlak tələbatının ödənilməsində lazımi səviyyəyə çata bilməmişik. Rusiyanın isə cənub bölgəsi elə böyük potensiala malikdir ki, Rusiyanın daxili tələbatından artıq məhsul istehsal edə bilər. Yəni, birgə müəssisələrin yaradılması siyasi gedişdir".

Ekspertin sözlərinə görə, birgə müəssisələr yerli məhsulların Rusiyaya ixracını artırmayacaq: "Azərbaycanda onsuz da kifayət qədər tədarüklə məşğul olan müəssisələr var. Həmin müəssisələrin əsas fəaliyyəti ölkədə istehsal olunan məhsulu tədarük edib, Rusiya bazarına ixrac etməkdir. Onlar da yaranmış vəziyyətə uyğun öz işlərini qururlar. Azərbaycanın özündə tələbat var və qiymət də fermer üçün sərfəli olarsa, tədarükçü məhsulu hardan formalaşdıra biləcək? Yəni, dövlətin siyasətindən çox iş asılıdır. Əgər alıcılıq qabiliyyətimiz zəif olacaqsa, birgə müəssisələrə ehtiyac olmadan da Azərbaycan fermerləri istehsal etdikləri məhsulu asanlıqla digər ölkələrin bazarına çıxaracaqlar. Yəni, yaranacaq müəssisələrin idxal-ixraca elə də ciddi təsiri olamayacaq. Onsuz da idxalçı müəssisələrimiz var. Həmin müəssisələr məhsulunu sərf edən bazara çıxarmağa çalışırlar. Əgər Azərbaycan bazarı sərf edəcəksə, çıxarmayacaqlar. Yəni, yeni yaranacaq müəssisənin Azərbaycan malının Rusiyaya axınında fərqli rol oynamayacaq".