Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Parlamenti üzvünün Dağlıq Qarabağa planlaşdırılan səfərinə münasibət bildirib

16 İyul 2012 16:46 (UTC+04:00)
"Azərbaycan bu məsələdə mövqeyi prinsipialdır. Azərbaycanın icazəsi olmadan işğal altında olan ərazilərimizə edilən istənilən səfər qanunsuzdur və bu cür qanunsuz səfər edən insanlar ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı hörmətsizlik etmiş olurlar". Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Kiprli deputat, Avropa Parlamentinin üzvü Eleni Feokarousun erməni işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə planlaşdırılan səfərini APA-ya belə şərh edib. 

O qeyd edib ki, Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən bütün şəxslərin adı arzuolunmaz şəxslər siyahısına daxil edilir. 

Xatırladaq ki, Kiprdə nəşr olunan "Cyprus Mail" nəşrinin məlumatına görə, Kipr Vahid Demokratik Partiyasının nümayəndəsi, Avropa Parlamentinin üzvü Eleni Feokarous Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejimin keçirməyə hazırlaşdığı qondarma "seçkiləri" izləmək çün Xankəndinə gedəcək.