Nəhəng qara deşik aşkar edilib

26 Sentyabr 2014 09:36 (UTC+04:00)

Hubble orbital teleskopu ilə işləyən alimlər elmə məlum olan ən kiçik qalaktikalardan birinin daxilində çox böyük qara deşik aşkar ediblər. Alimlər hesablayıblar ki, qara deşik öz kütləsinə görə bizim Günəşin kütləsindən 21 milyon dəfə və Süd Yolunun mərkəzindəki qara deşikdən isə beş dəfə böyükdür. Qara deşiyin yerləşdiyi qalaktika M60-UCD1 adlanır və cırtdan qalaktikalara aiddir.

Alimlər hesab edirlər ki, bu tapıntı cırtdan qalaktikaların öz-özünə yaranmadığı, başqa qalaktikalarla toqquşma nəticəsində hissələrə parçalanmış böyük qalaktikaların qalıqları olduğu barədə olan nəzəriyyəni təsdiq edir. Tədqiqatın nəticələri Nature jurnalında dərc edilib.