Azərbaycan XİN-dən Türkiyədə yol qəzasında azərbaycanlı tələbələrin ölümü və yaralanması ilə bağlı məlumat

26 Sentyabr 2014 14:21 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Uşak şəhərində azərbaycanlı tələbələrin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.


XİN-in mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilib ki, Uşak şəhəri dairəsində içərisində Azərbaycan vətəndaşlarının olduğu avtomobil səhər radələrində yol qəzasına düşüb. Qəza nəticəsində avtomobilin içərisində olan 6 nəfərdən üçü – Anar Musayev, Ülvi Sadiqov, Elvin Hüseynov həlak olub, digər üç nəfər – Əli Kərimli, Mayıs Həsənov, Muğdat Talıblı isə yaralanıb.

 

Yaralanan şəxslərin vəziyyəti orta-qənaətbəxş hesab olunur. Bu şəxslər Türkiyənin Uşak universitetinin 1 və 2-ci kurs tələbələridirlər.

 

Uşak şəhəri Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunun cavabdehlik dairəsində daxil olduğundan Baş konsulluq tərəfindən zəruri tədbirlər görülüb.

 

Hazırda Baş konsulluq Türkiyənin hüquq-mühafizə orqanları və səhiyyə xidməti ilə lazımı təmasları davam etdirir. Baş konsulluq eyni zamanda həlak olanların cənazələrinin vətənə çatdırılması, lazımı sənədləşmə işlərinin aparılması və yaralananlara dəstək verilməsi istiqamətində fəaliyyət göstərir.

 

Azərbaycanın Təhsil Nazirliyinə də bu barədə məlumat verilib. İlkin araşdırma zamanı bu şəxslərin dövlət hesabına təhsil almadıqları müəyyən edilib.

 

XİN yol qəzasında həlak olanların yaxınlarına başsağlığı verib.