Azərbaycanın AŞ PA-dakı uğurları erməniləri qorxuya salıb

27 Sentyabr 2014 08:34 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) müzakirələr yolu ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə bilər. Bunu AŞ PA-nın sədri Ann Brasör Bakıya səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, ərazi bütövlüyü AŞ PA üçün müzakirə olunmaz bir məsələdir: "Bütün üzv ölkələrdə buna əməl olunmalıdır. Hər bir münaqişənin həlli üçün dialoqa ehtiyac var. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu var. Həmçinin, Parlament Assambleyasında hər iki ölkənin nümayəndə heyətləri var və AŞ PA-da müzakirələr yolu ilə münaqişənin həllinə öz töhfəmizi verə bilərik".

Qeyd edək ki, işğalçı tərəf olan Ermənistan hər vəchlə çalışır ki, münaqişənin həlli məsələsi ancaq ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə predmeti olsun. Onlar problemin daha geniş çərçivədə müzakirə olunmasından çox ciddi ehtiyat edirlər. Ona görə də, Ermənistandakı hakim rejim hər dəfə çalışıb ki, münaqişə ilə bağlı məsələlər digər beynəlxalq qurumlarda mümkün qədər müzakirə olunmasın. AŞPA-ya gəldikdə, vaxtilə burada Qarabağ münaqişəsinin həlli üzrə Alt Komitə də fəaliyyət göstərirdi. Lakin sonradan onun fəaliyyəti dayandırıldı.

Maraqlıdır, konfliktlə bağlı AŞ PA müzakirələri münaqişənin həllinə nə vəd edə bilər? AŞ PA-da Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpası mümkündürmü?

Politoloq Elman Nəsirli düşünür ki, münaqişənin AŞPA daxilində müzakirəsi işğalçı Ermənistanın mövqeyinin zəifləməsi və son nəticə olaraq onun həll prosesində yumşalmasına gətirib çıxara bilər: "AŞPA sədrinin Qarabağ münaqişəsinin həllinə rəhbəri olduğu təşkilatın töhfə verməsi ilə bağlı fikirləri əslində, real vəziyyət tamamilə uyğundur. Məsələ ondadır ki, artıq Ermənistan tərəfi də bu faktı başqa bir şəkildə etiraf edib. NATO-nun Uels sammitindən geri qayıtdıqdan sonra Ermənistan prezidenti dərhal rəhbəri olduğu Respublika Partiyasının nümayəndələrinin toplantısını keçirib. Burada da açıq şəkildə etiraf edib ki, Azərbaycan bu münaqişəni fərqli müstəviyə, yəni ATƏT müstəvisindən digər müstəvilərə keçirmək istəyir. Ardınca da qeyd edib ki, Azərbaycan digər müstəvilərdə daha ciddi müvəfəqqiyyətlər qazana bilər. Həmin müstəvilər timsalında da o NATO ilə AŞPA-nın adını çəkib. Ermənistanın isə ATƏT və onun Minsk qrupu müstəvisində uğurlara imza atdığından bəhs edib və qeyd edib ki, bu müstəvidə qazandıqları nailiyyətləri digər müstəvilərə də keçirmək lazımdır. Buradan belə qənaətə gəlmək olar ki, Ermənistan tərəfi ATƏT və onun Minsk qrupunun fəaliyyətindən son dərəcədə razıdır. Eyni zamanda Sarkisyanın etirafının o hissəsi də bizim üçün maraqlıdır ki, Azərbaycan AŞPA müstəvisində nailiyyətlər qazanmaqdadır. Belə olan təqdirdə, mövcud vəziyyəti düşmən dövlətin rəhbəri də etiraf edirsə, deməli, AŞPA müstəvisində Azərbaycan öz imkan və potensialını daha da genişləndirməli və format çərçivəsində münaqişənin həlli prosesinə müəyyən təsir imkanlarının əldə edilməsinə nail olmalıdır. AŞPA çərçivəsində nə kimi nailiyyət əldə etmək mümkündür? Hesab edirəm ki, burada ilk növbədə AŞPA çərçivəsində Ermənistanın işğalçılıq siyasəti üzündən 1 milyondan artıq soydaşımızın məcburi köçkün və qaçqın vəziyyətinə düşməsilə bağlı müvafiq sənədin qəbuluna nail olmaq lazımdır. Buna potensial imkanlar da var. Avropa Şurası dünyada və Avropa məkanında insan hüquq və azadlıqlarının müdafiəsi missiyasını yerinə yetirən bir təşkilatdır. Onlar hətta hər fərdin hüquqlarının müdafiə etmək iddiasındadır. Belə olan vəziyyətdə, total şəkildə soydaşlarımızın hüquqlarının tapdanması faktına görə, qurum Ermənistana qarşı müəyyən sanksiyalar tətbiq edə bilər. Burada onun səsvermə hüququndan məhrum edilməsi, növbəti perspektivdə hətta Ermənistanın AŞPA-dan çıxarılması məsələsinə baxıla bilər. Eyni zamanda, hesab edirəm ki, AŞPA-da münaqişə ilə bağlı Alt Komitənin bərpası məsələsini reallaşdırmaq da prinsip etibarı ilə mümkün ola bilər. AŞPA tribunası böyük bir tribunadır. Ondan istifadə edərək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistanın işğalçılıq siyasəti və onun ağır nəticələrilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, informasiya müharibəsində daha ciddi nailiyyətin əldə edilməsi üçün unikal imkanlar var. AŞPA rəhbərliyinin də Azərbaycanın Etmənistanın işğalçılıq siyasəti nəticəsində düşdüyü ağır vəziyyətdən agah olması, ona düzgün, obyektiv qiymət verməsi informasiya təhlükəsizliyi sahəsində ölkəmiz üçün ciddi siyasi dividendlər gətirə bilər. Ona görə də, bu amildən maksimum faydalanmaq gərəkdir. Bütün bunlar heç şübhəsiz nəticə etibarı ilə bu münaqişədə Azərbaycanın mövqeyini möhkəmləndirər. Dama dama göl olar. Son nəticədə işğalçı dövlət olaraq Ermənistana müəyyən təsir mexanizmlərinin formalaşması, onun da nəticəsi olaraq İrəvanın mövqeyinin yumşalması, daha çox ipə-sapa yatmasına məcbur edilməsinə gətirib çıxarar".

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev isə bildirdi ki, AŞ PA Azərbayan nümayəndə heyətinin münaqişə ilə bağlı burada irəli sürdüyü qətnamə layihələrinə dəstək verməklə prosesə töhfə verə bilər: "Məlumdur ki, ermənilər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təşkilatlarda müzakirəsindən həmişə yayınırlar. İstəmirlər ki, mümkün qədər çox beynəlxalq təşkilatda bu məsələ müzakirə olunsun. Çünki, belə müzakirələrin sayı artdıqca təcavüzkarın siması da daha aydın olur. Ona görə də ermənilər hər vəchlə çalışır ki, münaqişə ətrafında bu müzakirələr olmasın. Onlara bunu deyəndə də, bildirirlər ki, Minsk qrupu var. Yəni Minsk qrupundan kənarda onlar heç bir müzakirəni istəmir. AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsinə münasibətdə mövqeyi məlumdur. Qurumun yüksək məqamlı rəsmisi AŞ PA-nın həll prosesinə verə biləcəyi töhfədən danışır. Bu töhfəni istəsələr, verə bilərlər. Həmin töhfə nədən ibarət ola bilər? Hələ yay sessiyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağla bağlı bir neçə qətnamə layihəsini təqdim edib. Ermənilər isə var gücü ilə çalışır ki, bu qətnamə layihələrinin qarşısı alınsın. Bu halda, AŞ PA-nın həll prosesinə verəcəyi töhfə o olardı ki, Azərbaycan nümayəndə heyətinin Dağlıq Qarabağla bağlı qətnamə layihələrinin müzakirəsinə ədalətli münasibət bildirilsin, dəstək verilsin. Bax bu, onların verəcəyi töhfə ola bilər. Bunun üçün isə ədalətli münasibət, erməni lobbisinin təsiri altına düşməmək çox vacibdir. İstəsələr, bunu edə bilərlər. Azərbaycan nümayəndə heyəti var gücü ilə çalışacaq ki, təqdim etdiyi layihələrdə qarşıya qoyduğu məqsədə nail olsun. Ermənilər isə onun əleyhinə gedəcək. Onu da xatırlayırıq ki, ermənilər, neçə illər əvvəl Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün yaradılan Alt Komitə deyilən mexanizmin əleyhinə olublar. Onlar bütün gücləri ilə çalışdı ki, komitənin fəaliyyətini iflic etsinlər. Bu, bariz nümunədir ki, ermənilər belə müzakirələrdən qorxduğundan onun olmasını istəmir. Çünki, bunlar son nəticədə təcavüzkarın simasını açıq-aydın göstərir".