Allahşükür Paşazadə: “Ölkəmizi kənardan qarışdırmaq istəyən çoxlu qüvvələr var”
17 İyul 2012 12:46 (UTC+04:00)
"Ramazan ayında oruc tutmağın
şərtləri var və bu şərtlərə riayət edilməlidir. Bu ay daha çox
Quran oxumaq, mərhəmət etmək, heç kəsin qəlbini sındırmamaq
lazımdır". APA-nın məlumatına
görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Şeyxülislam Hacı Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının
iclasında çıxışı zamanı deyib.
Şeyxülislam Hacı Allahşükür Paşazadə tədbirdə Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovun da iştirak
etdiyini nəzərə çatdırıb: "Dövlət Komitəsinin rəhbərliyinə kimin
təyin edilməsi dövlət işidir. Ancaq Elşad İsgəndərovu tanıyıram. Öz
millətini sevən bir insandır. Dövlət başçısı ona səfir statusu
verdi, İslam Konfransı Təşkilatında gənclərlə bağlı böyük işlər
gördü. Hamımız onu təbrik edirik".
QMİ sədri ölkəmizi kənardan qarışdırmaq istəyən çoxlu qüvvələrin
olduğunu deyib: "Şimalda da, cənubda da belə qüvvələr var. Bəziləri
istəyirlər ki, baş verən hadisələri siyasiləşdirsinlər. Biz
birlikdə işləyəcəyik. Prezident İlham Əliyev bizə dayaqdır. Təki
din, tolerantlıq məsələsində birgə işlər görək. Azərbaycançılığa,
dinə qarşı hərəkətlərə Qafqaz Müsəlmanları İdarəsi Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi ilə birgə çalışacağıq".
Allahşükür Paşazadə qeyd edib ki, şiə və sünni məzhəbləri
bir-birinə düşmən deyil: "Bunların hər birinin hüquqları var və
onların hüquqlarının yerinə yetirilməsinə imkan yaratmaq lazımdır.
Şiələri məcbur etmək lazım deyil ki, sən belə etməlisən. Eyni
zamanda şiə məzhəbindən olanlar sünni məzhəbinə təsir
göstərməməlidir ki, bunu belə et. Hamının Allahı
birdir".