Kənd təsərrüfatı məhsulları nə üçün sığortalanmır?

30 Sentyabr 2014 17:57 (UTC+04:00)

Ölkəmizdə təbii fəlakətlər, quraqlıq, müxtəlif ziyanvericilər və xəstləiklər zamanı fermerə dəyən ziyanın ödənilib ödənilmədiyi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. İcmallaşma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə ilə olan söhbətimiz zamanı bəlli oldu ki, Azərbaycanda kənd təsərrüfatı sığortasının hüquqi əsasları hələ 18 iyun 2002-ci ildən"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə formalaşdırılmışdır. "Qanunun 5-ci maddəsinə əsasən "Kənd təsərrüfatında bütün sığorta obyektləri, bir qayda olaraq, yanğın, dolu, sel, daşqın, tufan, şaxta və ildırım vurması, zəlzələ, torpaq sürüşməsi, dəmyə torpaqlarında quraqlıq kimi təbii fəlakətlərdən, habelə kənd təsərrüfatı bitkilərinin məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili vəhşi heyvanlar, arı ailələri müvafiq olaraq xüsusi təhlükəli ziyanvericilərin yayılmasından və hücumundan, yoluxucu xəstəliklərdən, kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri isə qəza hadisələrindən sığortalanır". Bununla yanaşı, qanunun 6-cı maddəsinə əsasən, sığorta müqaviləsi üzrə sığorta məbləği kənd təsərrüfatı bitkiləri üzrə məhsulun dəyərinin azı 70 faizi, kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili vəhşi heyvanlar, arı ailələri üzrə hüquqi şəxslərdə - onların balans dəyərinin, fiziki şəxslərdə isə bazar qiymətinin azı 80 faizi, kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri və digər əmlak üzrə isə əmlakın bazar qiymətinin 100 faizi miqdarında müəyyən edilir".

Firdovsi bəyin sözlərinə görə, mövcud qanunvericiliyə əsasən kənd təsərrüfatı sahəsi üzrə sığortaya dövlət yardımı da verilir. Bu yardımın mexanizmləri isə aşağıdakı normativ-hüquqi aktlarda əks olunmuşdur:

- "Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına  maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (4 mart 2004-cü il № 23);

- "Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin və sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (4 mart 2004-cü il № 22).

"Hazırda qüvvədə olan normativ aktlara əsasən Azərbaycanda sığortalanmasına dövlət tərəfindən maliyyə yardımı göstərilən kənd təsərrüfatı məhsulları sırasına buğda, arpa, qarğıdalı, günəbaxan - dən üçün, kartof, şəkər çuğunduru, tərəvəz (göyərti istisna olmaqla), meyvə, sitrus və üzüm bağlarının sahələri (məhsul) daxildir. Bu məhsullar üzrə hesablanmış sığorta haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilən hissəsi sığorta haqqının 50%-i həcmində müəyyən edilmişdir".

Firdovsi bəy fermerlərin siğorta məsələsinə biganə yanaşmasının səbəbini onların bu sahə ilə bağlı məlumatlarının az olmasında görür: "Göründüyü kimi, kənd təsərrüfatı sığortası üçün həm hüquqi baza var, həm də bunun üçün dövlət yardımı da nəzərdə tutulub. Lakin ümumilikdə fermerlərin sığorta məlumatlılığının və təcrübəsinin aşağı olmasına görə sığorta xidmətlərindən aşağı səviyyədə istifadə edirlər. Məsələn, 2013-cü ildə kənd təsərrüfatı sığortasına dəstək üçün büdcədə 1 milyon manat vəsait nəzərdə tutulsa da, bunun cəmi 19 min manatından istifadə edilib.Məhz buna görə də Azərbaycan Respublikası Prezidentinin "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" 16 aprel 2014-cü il tarixli Fərmanı ilə hökumətə tapşırıq verilib ki, kənd təsərrüfatı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsinə dair təkliflər hazırlansın. Buna uyğun olaraq aidiyyəti dövlət orqanları tərəfindən təkliflər paketi hazırlanaraq təqdim edilib. Bir sözlə, hazırda kənd təsərrüfatı sahəsində sığortanın inkişaf etdirilməsi üçün hökumət tərəfindən kompleks tədbirlər müəyyənləşib və yaxın vaxtlarda təsdiq olunaraq həyata keçiriləcək".