Piyada üzünə həsrət keçidlər

1 Oktyabr 2014 11:24 (UTC+04:00)

Artıq şəhərin əksər yelərində yeraltı və yerüstü keçidlər olsa da, nədənsə hələ də bəzi vətəndaşlar bu keçidlərdən istifadə etməyə vərdiş edə bilmir. Dövlət tərəfindən buna inzibati qaydada müdaxilə olunsa da, cərimələr tətbiq edilsə də, bu  tədbirlər də problemə birdəfəlik son qoymur. Piyada keçidlərinin tikilməsi vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşısa da, qeyd olunduğu kimi  nədənsə bu keçidlər piyadaların üzünə həsrət qalıb. Bu keçidlərdən istifadə etməyənlər isə öz təhlükəsizliklərinin qeydinə qalmamaqla yanaşı, sürücüləri də risk altına atırlar.  Kimisi özünü əziyyətə verməmək üçün keçidlərə düşüb qalxmaq istəmir, kimisi isə "mənə bu cür xoşdur" prinsipinə uyğun hərəkət edir. Nəticə isə ürəkaçan deyil.  

Nəqliyyat üzrə ekpsert, hüquqşünas Ərşad Hüseynov Movqe.az-a açıqlamasında məsələyə münasibət bildirib. Ekspert hesab edir ki, bu vəziyyət birbaşa olaraq Azərbaycanda yol hərəkəti mədəniyyətinin bərbad vəziyyətdə olmasıyla bağlıdır. İstər piyada olsun, istər sürücülər yol hərəkəti qaydalarından çox az məlumatlıdırlar: "Müəyyən qədər qaydalara əməl edənlər də polisin, cərimənin qorxusundan bunu edirlər.  Yolda polis görməyədə yenə haradan gəldi keçirlər. İnsanlar  anlamalıdırlar ki, yol hərəkəti qaydaları həyatda sağ qalmaq, sağlam yaşamaq qaydalarıdır. Bunları bilmirsənsə, bilib əməl etmirsənsə öz həyatını itirə, şikəst qala, kiməsə zərər vura, ölümünə səbəb ola bilərsən. Bütün həyatını, azadlığını, ailəni, işini itirə bilərsən. İnsanlar dərk etməlidirlər ki, yol hərəkəti qaydalarını pozanda yalnız cərimə ödəmirsən. Yol hərəkəti qaydalarını əməl etməklə həyatını qoruyursan, kiminsə həyatını qoruyursan və s. Azərbaycan piyadası elə bilir ki, harda istəsə gəzə bilər, yolu haradan gəldi keçə bilər. Onlara öyrətmək lazımdır ki, piyadalar üçün də yol hərəkəti qaydaları var ki, mütləq şəkildə riayət eləmək lazımdır". 

Ərşad Hüseynov cərimələrin miqdarının azaldılmasını, lakin daha çox piyadanın cəzalandırılmasını təklif edir: "Bu da bir faktdır ki, yol hərəkətin pozmağa görə cərimə sistemi olsa da, qaydanı pozan hamı cərimələnmir. Bu gün Azərbaycanda potensial olaraq 5-6 milyon piyada var. 5-6 milyon piyada gündə 10 dəfə yol hərəkəti qaydalarını poza bilər. Amma gün ərzində uzağı 1000 piyada cərimələnir. Ona görə piyada baxır görür ətrafda polis var, ya yox, yoxdursa, rahatca yolunu keçib gedir. Bu yanaşmanı dəyişmək lazımdır. İnsanlar polisdən, cərimədən qorxduğu üçün yox, öz sağlamlıqları üçün qaydalara əməl etməlidirlər. Cərimənin miqdarının da 20 manat olmasına ehtiyac yoxdur. Cərimə uzağı 5 manat olsun, amma gün ərzində 1000 yox, 100 min  qaydanı pozan piyada cəzalandırılsın. O zaman problemi həll etmək olar. Amma ən əsas istiqamət maarifləndirməyə yönləndirilməlidir". 

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Kamran Əliyev də Mövqe.az-a açıqlamasında problemin həlli üçün maarifləndirmə məsələsinin vacib olduğunu bildirir: "Bu insanlar hər biri müxtəlif yaş kateqoriyalarına aid  piyadalardır. Onların içində gənclər, yeniyetmələr də, yaşlılar da çox olur. Gərək çoxlu maarifləndirici xarakterli təbliğat işləri aparaq. İnsanlar bu qayda pozuntusundan təkcə cərimədən qorxduqları üçün çəkinməməli, eyni zamanda bu hərəkətin onların həyatı üçün nə dərəcədə təhlükəli olduğunu dərk etməlidirlər. Bunun üçün də kütləvi informasiya vasitələri mütəmadi olaraq təbliğat işləri aparmalıdırlar. İnsanlar anlamalıdırlar ki, yol hərəkətini pozmaqla əslində, onlar öz həyatlarını  real riskə atırlar".