200 milyonluq müqavilə
1 Oktyabr 2014 17:36 (UTC+04:00)
Şahdəniz konsorsiumu Mərhələ 2 işlənmə layihəsinin
irəliləyişi çərçivəsində bu yaxınlarda daha iki xidmət müqavilə
imzalanıb.
BP-nin Bakı ofisindəki mətbuat xidmətindən ANS
PRESS-ə verilən məlumata görə, sualtı axın xətlərinin örtüklənməsi
və ilkin sualtı ixrac xəttinin örtüklənməsi işlərini əhatə edən bu
müqavilələr "Bredero Shaw International B.V." şirkəti ilə
imzalanıb.
Müqavilələrin dəyəri təxminən 200 milyon ABŞ
dolları həcmindədir.
Örtüklənmə işlərinə 2014-cü ilin sonlarında
başlanacaq ki, 2015-cil ilə planlaşdırılan sualtı boru kəmərlərinin
inşasının birinci mərhələsi üçün və 2018-ci ilə planlaşdırılan
ikinci mərhələsi üçün örtüklənmiş borular təmin
olunsun.
Ötən ilin dekabr ayında yekun investisiya qərarı
verildikdən bu vaxtadək Şahdəniz 2 layihələri üzrə işlərdə yaxşı
irəliləyiş olub. Ümumilikdə artıq 9 milyard dollar dəyərində əsas
mühəndis-layihələndirmə, tikinti və təchizat müqavilələri
imzalanıb. Bu müqavilələr üzrə Azərbaycan və Gürcüstandakı əksər
tikinti sahələrində ilkin işlər də artıq başlanıb.
Qeyd edək ki, Şahdəniz Mərhələ 2 layihəsi Xəzər
dənizində yerləşən nəhəng Şahdəniz yatağından ildə 16 milyard
kubmetr qazın hasil edilməsinə və bu qazın təxminən 3500 kilometr
uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan,
Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunmasına imkan yaradacaq.
İlk qazın hasilatı və Gürcüstan və Türkiyəyə satışın başlanması
2018-ci ilin sonlarına nəzərdə tutulub; Avropaya isə ilk qaz
təxminən bir il sonra çatdırılacaq.