Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha bir nüfuzlu təşkilatla əməkdaşlığa başlayıb

2 Oktyabr 2014 21:07 (UTC+04:00)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın nüfuzlu klublarından biri "İnterAction Council" təşkilatı ilə əməkdaşlıq edəcək. 

Diasporla İş üzrə Dövlət Komitəsindən AZADİNFORM-a verilən məlumata görə, bu barədə razılıq Mərkəzi Baş katibi Rövşən Muradovla "İnterAction Council"ın Baş katibi Tomas Aksvorti arasında Nyu Yorkda keçirilmiş görüş zamanı əldə olunub. Görüşdə Tomas Aksvortiyə Mərkəzin üzvləri, fəaliyyəti, həyata keçirdiyi layihələr, əməkdaşlıq etdiyi təşkilatlar haqqında ətraflı məlumat verilib, həmçinin birgə fəaliyyətin perspektivləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq birgə əməkdaşlıq çərçivəsində 2016-cı ildə beynəlxalq toplantının keçirilməsi qərara alınıb.

Qeyd edək ki, "İnterAction Council" təşkilatı da Madrid Klubu kimi sabiq prezident və baş nazirləri birləşdirən nüfuzlu təşkilatdır. 1983-cü ildə yaradılmış qurumun əsas məqsədi bəşəriyyəti narahat edən siyasi, iqtisadi və sosial məsələlərin həllində təcrübəsini, enerjisini və beynəlxalq əlaqələrini səfərbər etmək üçün sabiq liderləri bir araya gətirməkdir. Qurumun 30-dan çox üzvü var və onlar hər il toplaşaraq qlobal problemlərin həlli üçün tövsiyələr işləyib hazırlayır.