Suriyadan Qarabağa köç yenidən aktuallaşır

4 Oktyabr 2014 08:04 (UTC+04:00)

İŞİD terror təşkilatının amansızlığı, ələ keçirdiyi insanları vəhşicəsinə qətlə yetirmələri, onun nəzarətinə keçən ərazilərdən 100 minlərlə sakinin evlərini tərk etmələrinə səbəb olur. Bilindiyi kimi, hazırda İŞİD qüvvələri Suriyanın Türkiyə ilə sərhədindəki məntəqələri ələ keçirməyə çalışır. Bu ərazilərdə isə əsasən kürdlər yaşayır. Baş vermiş hadisə ilə bağlı olaraq, həmin ərazinin əhalisi Türkiyəyə qaçmaq məcburiyyətində qalıb. Anoloji hal özünü İraqda da göstərməkdə davam edir. Bu arada Türkiyə parlamenti İŞİD-ə qarşı hərbi əməliyyatlara başlamağı zəruru edən qərar qəbul edib. Həmçinin, hazırda İŞİD-in nəzarəti altında olan ərazilər ABŞ başda olmaqla koalisiya qüvvələri tərəfindən bombalanır. Bütün bunların fonunda da İraq və Suriyadan qaçqınlar ordusunun ardı-arası da kəsilmir və hazırda bu vəziyyətə düşənlər arasında hər iki ölkədə yaşayan kürdlər üstünlük təşkil edir. Artıq bu qaçqınların Qafqaza gəlişi də müşahidə olunur. İşğalçı Ermənistan isə həmişə olduğu kimi, belə məqamlardan sui-istifadə edərək və beynəlxalq qanunlara məhəl qoymayaraq, yenə də guya ki, humanistlik göstərmək adı ilə sözügedən ölkələrdən gələn qaçqınları öz ərazilərində, oradan da fürsət düşən kimi, Dağlıq Qarabağın zəbt olunmuş torpaqlarında yerləşdirməyə çalışır. Lakin politoloq Fikrət Sadıxov həmin qaçqınların ölkəmizə də gələ biləcəyini istisna etmədi. Bununla belə onu da vurğuladı ki, Türkiyə ordusunun parlamentin razılığı ilə hərbi əməliyyatlata keçməsi sözügedən qaçqın dalğasını dayandıra bilər: "Qaçqın əhli elə bir qrupdur ki, onların vətənlərini tərk etdikdən sonra, haralarda olacağını qabaqcadan planlaşdırmaq mümkün deyil. Amma eyni zamanda, onların hissə-hissə bütün regionlara səpələnməsi də mümkündür. Hazırda Türkiyə parlamenti öz ordusuna İŞİD-ə qarşı digər ölkə ərazisində hərbi əməliyyat aparmağa icazə verən qərara imza atıb. Bu da əslində, o məqsəd daşıyır ki, Suriya ərazisindən kürdlərin Türkiyəyə axınının qarşısını almaq üçün Ankara hərbi əməliyyatlara başlaya bilər. Düşünürəm ki, artıq onlar buna başlayıblar. Çünki, belə qaçqın kütləsinin qarşısı təbii ki, alınmalıdır. Çünki, onların öz vətənlərindən başqa hansısa ölkənin regionlarına səpələnməsi, qaçqınlarla yanaşı, onları qəbul edən ölkələrə də heç bir müsbət nəticə verməyəcək. Həmin Suriya və İraqdan qaçqın düşənlərin Azərbaycana da gəlişini istisna etmirəm. Lakin o da var ki, artıq Türkiyə belə halların baş verməsinin qarşısını almaq üçün lazımi tədbirlər görür. Məsələyə bu prizmadan yanaşsaq, təbii ki, qaçqınların iri miqyaslı ərazilərə səpələnməsi də real görünmür. Bu qaçqın ordusunun Azərbaycana, onun işğal olunmuş ərazilərinə gəlməsi, birbaşa olaraq ölkəmizin ərazi bütövlüyünə zərbə vuran amildir. Bu halın baş verməsi ölkəmizin suverenliyi, toxunulmazlığına bir təhlükədir. Dünya birliyi tərəfindən Azərbaycan torpağı kimi tanınan ərazilərdə kənar şəxslərin ölkəmizin razılığı olmadan gəlib yaşaması, məskunlaşması yolverilməzdir. Azərbaycan bu barədə beynəlxalq təşkilatlarda məsələni qaldırmalıdır və qaldırır. Çünki belə bir nəzarətsiz axın yolverilməzdir. Hansısa qovulmuş əhalinin torpağımızda icazəmiz, nəzarətimiz olmadan məskunlaşmasına heç kimi ixtiyarı yoxdur. Azərbaycan belə hallarla rastlaşdığı halda, ona mütləq adekvat cavab verməlidir".

Siyasi şərhçi Qulu Məhərrəmlinin fikrincə, Suriya və İraqdan qaçqınlar ordusunun gəlişi ilə bağlı Azərbaycanı heç bir təhlükə gözləmir: "Çünki, həmin qaçqınların yalnız və yalnız Dağlıq Qarabağ ərazisinə keçməsindən ehtiyatlanmaq olar. Azərbaycan sərhədləri isə kifayət qədər etibarlı qorunur. Amma Dağlıq Qarabağ ərazisinə Ermənistan vasitəsilə hansısa qaçqın adı altında əlavə qüvvələrin yerləşdirilməsi isə mümkündür. Türkiyə üçün isə bu qaçqın ordusu ciddi təhlükə mənbəyidir. Azərbaycan üçün isə belə bir təhlükənin gözlənilməsi ağlabatan deyil. Həmin qaçqın ordusunun işğal olunmuş torpaqlarımızda Erməni fitvası ilə yerləşdirilməsi məsələsinə gəldikdə, Azərbaycan bu məsələdə çox həssas olmalıdır. Azərbaycan bütün vasitələrdən istifadə edərək, belə allar baş verdikdə, onunla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmalıdır. Hüquqi baxımdan Azərbaycan ərazisi olan bir yerə əlavə insan resurslarının yerləşdirilməsi üçün Ermənistan daim bəhanələr axtarır. Bunun qarşısını almaq üçün Azərbaycan preventiv tədbirlər görməlidir".