JuHI Masallıda media və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirib

17 İyul 2012 20:50 (UTC+04:00)

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) iyulun 16-da Masallı rayonunda yerlimedia təmsilçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirib. "Ailə dəyərləri media müstəvisində" mövzusunda keçirilən dəyirmi masa JuHİ-nin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi "Azərbaycanın Cənub bölgəsində modern ailə prinsiplərinin təbliğinə yardım" layihəsi çərçivəsində  gerçəkləşdirilib.

"Cənub xəbərləri" qəzetinin konfrans zalında keçirilən tədbirdə 25 nəfər nümayəndə iştirak edib. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd ölkənin Cənub regionunda ailə modelinin sağlam dəyərlər üzərində modernləşməsinə yardım etməkdən ibarətdir: "Ailənin cəmiyyətdəki tərbiyəvi funksiyasının gücləndirilməsinə, ailə dəyərlərinə marağın artırılmasına, gənc ailələrə yüksək mənəvi dəyərlərinaşılanmasına, yeniləşmə adı ilə gündəmə gətirilən yanlış tendensiyaların qarşısının alınmasına,mühafizəkarlıq pərdəsi altında zərərli vərdişlərin bərpasına mane olmaq layihənin əsas məqsədlərindəndir".

16 iyulda keçirilən Dəyirmi masada bölgədə fəaliyyət göstərən KİV-lərin ailə-qadın mövzusunda materiallar yaymaq işinin təkmilləşdirilməsinə yardım göstərilməsi müzakirə olunub: "Biz yerli ictimaiyyət nümayəndələri ilə media təmsilçilərini bir araya gətirib sağlam müzakirələr keçirə bildik. Ailələrlə KİV redaksiyaları arasında təmasların intensivləşməsi, KİV redaksiyalarında isə ailə münasibətlərinə həssas yanaşmaq vərdişlərinin yaranması bölgədə ailə münasibətlərinin sağlam müstəvidə inkişafına mühüm töhfə verəcək".

Ələsgərli qeyd edib ki, növbəti belə tədbirlər Lənkəran və Cəlilabad rayonlarında keçiriləcək.