Ölkəmizdə İslam bankçılığı ilə bağlı yeni mərhələ başlanır

8 Oktyabr 2014 11:11 (UTC+04:00)

Məlumat verildiyi kimi, Türkiyədə faizsiz bankçılıq (İslam bankçılığı) sahəsində qabaqcıl maliyyə təşkilatlarından biri olan "Albaraka Türk Katılım Bankası"  Azərbaycan bazarına daxil olmaq niyyətindədir. Bunu bankın baş müdiri Fahrettin Yahşi Bakıda keçirilmiş "İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri" adlı regional sənaye konfransda da diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan bazarı araşdırılacaq və onlar Azərbaycanda bu sahədə əlaqələr qurmaq niyyətindədirlər.

Ekspertlər bu amilin Azərbaycanda İslam bankçılığının inkişafı sahəsində müsbət nəticələr verə biləcəyini bildirirlər. 

İqtisadçı Natiq Cəfərli hesab edir ki, türk bankının Azərbaycan bazarına daxil olması bank sektorunda rəqabətliliyi artıracaq, eyni zamanda ümumən İslam bankçılığı sahəsində Azərbaycanın potensialını ortaya çıxaracaq:  "Hazırda bizdə İslam bankçılığı ilə bağlı problemlər, suallar var. Tam potensialı ilə bu seqment inkişaf etməyib.  Amma  hətta nə qədər qəribə səslənsə də, bu gün İslam bankçılığının mərkəzi London hesab olunur. Hazırda bir sıra Qərb instituları, hətta Avropada da İslam bankçılığı araşıdırılır və onun tətbiqi nəzərə tutulur.  Bəzi Avropa ölkələrində İslam bankçılığı artıq tətbiq olunur da. 

Bildiyiniz kimi, İslamda faiz haram olduğundan Islam bankçılığında da məqsəd faiz olmadan müştəri ilə bank arasında müəyyən münasibətlər formulunu tapmaqdan ibarətdir. Bunun üçün bir çox formullar mövcuddur. Bu, həm şəriklik ola bilər, həm birgə fəaliyyət planı ola bilər və s. Bir neçə belə yollar var ki, İslam bankçılığı müştərilərinə təqdim edir, onları risklərdən sığortalamağı bacarır. Azərbaycanda hələ ki, bu seqmentdə çox az fəaliyyət var. Mərkəzi Bank da bununla bağlı bəzi araşdırmalar aparıb. Və Azərbaycanda İslam bankçılığının inkişafı üçün münbit şəraitin olduğu söylənilir. Ona görə də Türkiyə bankının İslam bankçılığı prinsipləri əsasında Azərbaycan bazarına daxil olması çox normal bir hadisədir və Azərbaycanın bu seqmentində hansı potensialın olduğunu üzə çıxarmaq üçün o bankın bizə faydası olacaqdır. Çox güman ki, müəyyən dərəcədə rəqabətliliyin artmasına da səbəb olar. Çünki İslam bankçılıq prinsipi klassik bankçılıq prinsipləri ilə rəqabət halında olacaq. Bu rəqabət mühiti hansı prinsiplərin Azərbaycan əhalisi tərəfindən daha çox qəbul edilməsi, daha populyar olmasını üzə çıxacaq. Belə bir rəqabətin olması ümumilikdə bank sektorunun inkişafı üçün çox yaxşı addımdır" 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da "Albaraka Türk Katılım Bankası" nın Azərbaycan bazarında İslam bankçılığının inkişafı baxımından mütərəqqi hal hesab edir: 

"Bu bankın Azərbaycana gəlməsi sözsüz ki, ölkəmizdə İslam bankçılığna müsbət təsir göstərəcək. Çünki, Azərbaycanda İslam bankçılığının inkişaf etməməsinin səbəbi heç də yalnız ölkədəki  bankların İslam bankçılığı ilə məşğul olmaq istəyinin az olması ilə bağlı deyil. Eyni zamanda Azərbaycan uzun müddət Qərb bankçılığı ilə inkişaf etmiş ölkədir. O baxımdan  digər bankların ölkəyə daxil olması birmənalı şəkildə imkan  verəcək ki, İslam bankçılığnın formalaşması üçün mühit yaransın. Bu fonda "Albaraka Türk Katılım Bankası" nın Azərbaycan bazarına daxil olması müsbət effektlər verəcək, ölkədə İslam bankçılığının inkişafını stimullaşdıracaq".