Bakıda son günlərin "yol terroru"nun statistikası açıqlandı

8 Oktyabr 2014 17:55 (UTC+04:00)

Sentyabrın 27-dən oktyabrın 4-dək Bakıda 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.V.Əsədov bildirib ki, yol qəzaları nəticəsində 10 nəfər həlak olub, 27 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yol-nəqliyyat hadisələri bundan əvvəlki həftə (20-27 sentyabr) ilə müqayisədə (30 hadisə, 5 ölüm, 36 xəsarət) müqayisədə 9 hadisə azalsa da, qəzalar nəticəsində 5 ölüm faktı artıb, 9 xəsarət halı isə azalıb.

Onun sözlərinə görə, Ötən həftə təhlükəsizliyin təmin edilməsi üçün 12 763 inzibati protokol tərtib edilib, 211 sürücü sərxoş vəziyyətdə aşkarlanaraq, 227 sürücü isə svetoforun qırmızı işığında hərəkət etdiyi üçün saxlanılaraq məsuliyyətə cəlb edilib, eyni zamanda, 14 avtoxuliqan saxlanılıb, ötmə, manevretmə etmə və yolayrıcını keçmə qaydalarını pozduğuna görə 3103 sürücü məsuliyyətə cəlb edilib. Piyadaların avtomobillərlə vurulmasının qarşısını almaq məqsədilə keçirilən tədbirlərdə 1291 piyada saxlanılıb və məsuliyyətə cəlb edilib. Sərnişindaşıma ilə bağlı 48 protokol yazılıb.

V.Əsədov qeyd edib ki, Qurban bayramı günlərində Bakıda 15 yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər həlak olub, 28 nəfər isə xəsarət alıb: "Qurban bayramı ərəfəsində qurbanlıq heyvanların satışı ilə bağlı bir neçə məntəqə üzrə süni sıxlıq yaşanıb ki, bu da vaxtında görülmüş tədbirlər nəticəsində aradan qaldırılıb".