Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu ilin birinci yarısında ölkədə rüşvətxorluqla mübarizəyə dair hesabatını açıqlayıb
18 İyul 2012 12:15 (UTC+04:00)
2012-ci ilin birinci yarısında Baş
prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən
vətəndaşların 1328 müraciətinə baxılıb.
APA-nın məlumatına görə, bu barədə
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi
Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun
sözlərinə görə, daxil olmuş 27 müraciət və 83 digər məlumatlara
(ümumilikdə 110) cinayət xarakterli material kimi baxılıb ki,
onlardan 61-i və ya 55,45 %-i üzrə Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.
Vətəndaşların müraciətlərinə baxılması işinin daha da
təkmilləşdirilməsi istiqamətində korrupsiya halları ilə üzləşmiş
vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror
yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə birbaşa və maneəsiz
müraciət etmək imkanının yaradılması məqsədi ilə fəaliyyətə
başlamış "161 Qaynar xətt" əlaqə mərkəzinə hesabat dövrü ərzində
2624 müraciət daxil olub.
İdarə tərəfindən vətəndaşların müraciətləri diqqətlə, qayğı ilə
araşdırılaraq onların pozulmuş hüquqları bərpa edilmiş, insan və
vətəndaş hüquq və azadlıqlarının müdafiə olunması, hüquqi və fiziki
şəxslərə dəymiş ziyanın ödənilməsi istiqamətində əhəmiyyətli
tədbirlər həyata keçirilib.
Belə ki, "Qaynar xətt" əlaqə mərkəznə daxl olmuş müraciətlərin bir
qsimi nəzarətdə saxlanılmaqla "Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun
10-1-ci maddəsinin tələblərinə müvafiq olaraq aidiyyəti üzrə
nazirlik, komitə, təşkilatlara və aidiyyatı rayon (şəhər)
prokurorluqlarına göndərilməklə qanunla nəzərdə tutulmuş müvafiq
tədbirlərin görülməsi və cavabların alınması təmin edilib.
Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində
1000-dən artıq müraciət müəllifinin ərizə, şikayət və müraciətinin
müsbət həll olunması təmin edilib, zəruri qabaqlayıcı tədbirlər
həyata keçirilmiş və 20 müraciət üzrə Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri
başlanıb.
Eyni zamanda, "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş
müraciətlərlə bağlı idarədə aparılan araşdırmalar zamanı aşkar
edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə
müvafiq təşkilatlara təqdimatlar verilib, həmin təqdimatlara əsasən
bir sıra işçilər intizam qaydasında cəzalandırılıb, aşkar edilmiş
qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin
görülməsi təmin edilib.
Korrupsiya ilə əlaqədar olmayan 1800-dən artıq müraciət müəllifinə
mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş
hüquqlarının bərpası yollarına dair ətraflı izahlar verilib.
K. Əliyev həmçinin qeyd edib ki, hesabat dövrü ərzində törədilmiş
və ya hazırlanan cinayətlər barədə əməliyyat-axtarış fəaliyyəti ilə
əlaqədar idarəyə ümumilikdə 236 müraciət daxil olub, onların 36-sı
vətəndaşların yazılı ərizələri olub. Görülmüş tədbirlər nəticəsində
26 vəzifəli şəxs cinayət başında yaxalanmaqla barələrində cinayət
işləri başlanıb.