Rusiya aqrar sahədə Azərbaycanla münasibətlərini yeni müstəviyə çıxarır

9 Oktyabr 2014 08:45 (UTC+04:00)

Rusiyalı sahibkarlar bu dəfə Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoymağa hazırlaşır. Artıq bu istiqamətdə danışıqlar gedir. Kənd təsərrüfatı naziri Heydər Əsədov qeyd edib ki, rusiyalı investorların bizim bazaralara cəlb edilməsi müştərək müəssisə, icarə və ya digər formada həyata keçirilə bilər. Heydər Əsədov bildirib ki, Azərbaycan və Rusiya birgə müəssisələrin yaradılması, logistik mərkəzlərin tikilməsi üzrə intensiv danışıqlar aparılır. Nazir həmçinin, ölkədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədilə icarə məsələsinin müzakirə olunduğunu, lakin hələ bu məsələlər üzrə yekun qərar qəbul olunmadığını deyib. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov qəzetimizə açıqlamasında bildirdi ki, Rusiya sahibkarları ancaq maliyyə qoya bilər: "Rusiyanın əmək resursu özünün kənd təsərrüfatını inkişaf etdirmək üçün kifayət etmir. Baxmayaraq ki, kənddə yaşayan əhalinin sayı çoxdur. Ancaq həmin əhalinin əsas hissəsi qocalmış adamlardır. Gənclər kənddə yaşamaqdan imtina edirlər. Son zamanlar kəndə elə də sürətli qayıdış olmayıb. Bu da ondan irəli gəlir ki, kənddə yaşayış səviyyəsi aşağıdır. Kənd təsərrüfatı istehsalı onlar üçün fayda vermir. Rusiya ilə bərabər, eləcə də digər ölkələr də kənd təsərrüfatı sahəsini subsidiya verməklə inkişafda saxlaya bilirlər".

Ekspertin sözlərinə görə, Azərbaycanın texnologiyaya ehtiyacı var: "Müasir texnologiya isə Avropada yaradılır. Bu gün Rusiyanın özünün də müasir texnologiyaya ehtiyacı var. Bunu ödəyə bilmirlər. Hazırda Rusiyanın 40 milyon hektar əvvəllər əkin üçün istifadə edilən torpaq sahəsi mövcuddur. Bu isə bizim müvafiq ərazidən 20 dəfə çoxdur. Yəni, həmin sahələr hazırda istifadə olunmur. Çünki, texnologiya primitiv, texnika çatışmazlığı var, əmək qüvvəsi yoxdur. Bu baxımdan həmin sahəyə investisiya qoyulmur. İnvestisiya gəlir gətirən sahəyə qoylur".

Vahid Məhərrəmov qeyd etdi ki, Azərbaycanın özünün kifayət qədər sahibkarı var: "Onlar bu sahəyə maliyyə vəsaiti qoyub, Avropadan müasir texnologiya gətirə bilərlər. Əmək qüvvəmiz də kifayət qədər olduğu üçün, kənddə yayaşan əhalinin bir hissəsini istehsal cəlb etməklə onların sosial vəziyyətini yaxşılaşdıra bilərik. Yəni, azərbaycanlı sahibkarlar həmin sahəyə investisiya qoysa, bu istiqamətdə gəlirimiz daha çox olar. Başqa sözlə, vəsaitin gəlir gətirən hissəsi tam olaraq ölkəmizdə qalar, dövriyyəmizi artırar. Digər tərəfdən, bizim torpağımıza özümüz qədər can yandıran olmaz. Əgər Azərbaycanın ərazisi geniş olsaydı və kifayət qədər maliyyə, əmək resursumuz olmasaydı, onda rus sahibkalarının addımı müsbət görünərdi. Ancaq özümüzün maliyyə potensialımız Rusiyanın maliyyə potensialından güclüdür. Neftdən gələn gəliri səmərəli istifadə etməliyik. Həmin gəlirin müəyyən hissəsini kənd təsərrüfatına yönəltməliyik ki, Azərbaycan aqrar ölkə olduğu üçün gələcəkdə bu sahə bizə gəlir gətirsin. Bu gün dünyada kənd təsərrüfatı sahəsi olduqca gəlirli sahə hesab olunur. ABŞ əvvəllər daha çox silah satışından gəlir əldə edirdisə, hazırda kənd təsərrüfatı məhsulunun ixracı dəfələrlə artıb. ABŞ hər il 150 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edir. Bu, artan istiqamətdədir. Hətta son 7 ildə elə məhsul var ki, qiyməti 3 dəfə qalxıb. Bütövlükdə götürdükdə isə son 10 ildə ərzağın qiyməti dəfələrlə artıb. Yəni, bu sahənin strateji əhəmiyyətli olduğunu xüsusi diqqətdə saxlayaraq çalışmalıyq ki, yerli sahibkarlardan daha çox faydalanaq. Həm də bu sahədə fəaliyyət göstərə biləcək peşəkarlar yerli əhali olsa, yaxşıdır. Onsuz da Azərbaycanda adam başına düşən əkin sahəsi çox kiçik - 20 sotdur. Yəni, deməyə əsasımız var ki, özümüz əkinçiliklə məşğul olmasaq, digər ölkələrdən asılılığımız artacaq. Eyni zamanda torpaqlarımız digər ölkələrin vətəndaşlarına icarəyə versək, onlar istehsal etdiyi məhsulların qiymətini özləri müəyyənləşdirəcəklər".