Avtobus sürücüləri ilə bağlı problemin həll yolu tapıldı

9 Oktyabr 2014 11:58 (UTC+04:00)

Son vaxtlar ictimai nəqliyyat sektorunda fəaliyyət göstərən, gün ərzində yüzlərlə insana xidmət edən avtobuslarla bağlı narazılıqlar durmadan artır. Günaşırı baş verən avtobus qəzaları, yaralanan, həyatını itirən sərnişinlərin olması avtobus sürücülərinin davranış qaydaları ilə bağlı da ciddi narazılıq doğurur. Axı bu qədər insanın həyatı qarşısında məsuliyyət daşıyan sürücülərin bu cür etinasız olmasını şərtləndirən nədir? Bu sual ətrafında uzun müddətdir ki, müxtəlif müzakirələr gedir. Gəlinən nəticələr müxtəlifdir. Kimi sürücünü, kimi sərnişini, kimi digərini günahlandırır. Səsləndirilən fikirlərdən biri sürücülərin peşəkarlıq səviyyəsi ilə bağlıdır. Təklif edilir ki, sürücülər qarşısında əmək təcrübəsi şərti qoyulsun. Avropa ölkələrində belədir. Avtobusu idarə edən sürücülərdən ən az 5 il iş təcrübəsi tələb olunur. 

Ekspert Azər Allahverənov Mövqe.az-a açıqlamasında  təklif edir ki, sürücülərdən iş təcrübəsi ilə yanaşı, psixoloji cəhətdən hazırlıq, mənəvi keyfiyyətlər də tələblər sırasında yer almalıdır: "İctimai nəqliyyat nəqliyyat sektorunun elə bir hissəsidir ki, burada əmək fəaliyyəti göstərən insanlar, xüsusən də sürücülər kifayət qədər hazırlıqlı olmalıdır. İstər peşakarlıq, istər psixoloji cəhətdən hazırlıq, istərsə də müxtəlif çərçivələrdə davranış qaydalarına əməl olunması çox vacib şərtlərdir. 

Avropa ölkələrində və digər inkişaf etmiş ölkələrdə sürücü vəzifəsinə nəinki ən az 5 il təcrübəsi olan şəxslər, eyni zamanda dediyimiz kriteriyalara cavab verən insanlar götürülür. Ona görə ki, onlar ictimai nəqliyyatda olarkən gün ərzində minlərlə insanla ünsiyyətdə olurlar, müxtləlif vəziyyətlərə düşə bilirlər. Üstəlik, ictimai nəqliyyatın idarə olunması kifayət qədər gərgin müstəvidə baş verir. Yəni, burada bir çox amillər var ki, insanın davranışına təsir edə bilər. Üstəgəl, bu insanın özündə müəyyən mənəvi, mədəni keyfiyyətlər yoxdursa, xüsusilə daha çox mənfi hallar yaşanmasına gətirib çıxarır. Ona görə də Avropa ölkələrində ilk olaraq bu kriteriyalara cavab verən və bu sahədə ən az 5 il çalışan insanlar işə götürülür. Bu şərtlər olmadan o şəxsin ictimai nəqliyyata buraxılması yolverilməzdir. Bu təcrübə şərtini Azərbaycanda da qoymaq olar. Lakin istənilən halda, düşünürəm ki, sürücü qismində ictimai nəqliyyata cəlb olunan insanlar mütləq digər kriteriyalara da cavab verməlidirlər. Xarici ölkələrdə sürücülər üçün müxtəlif təlimlər də keçilir. O təlimlərdə iştirak edənlərə xüsusi sənədlər verilir. İşə götürülən zaman bu sənədlərə üstünlük verilir. Azərbaycanda da bu istiqamətdə işlərin getməsi məqsəduyğun olardı. Eyni zamanda iş təcrübəsi.

Məsələ ondadır ki, biz dəfələrlə şahidi oluruq ki, bu gün ictimai nəqliyyata cəlb olunan insanlar dünən tamamilə başqa sektorda çalışırdılar. Nəticə etibarilə biz bu gün tez-tez sürücü ilə sərnişinlər arasında xoşagəlməz halların yaşandığını görürük. Ona görə də sürücü vəzifəsində çalışan insan  həm psixoloji cəhətdən, həm də peşəkarlıq cəhətdən buna hazır olmalıdır. Bu gün ictimai nəqliyyatda müəyyən olunmuş qaydalar, vaxt qrafiki, marşrutlar üzrə hərəkət və s. olmağı, təəssüflər olsun ki, insanlarda gərginlik yaradır. Və bu gərginlik çox vaxt neqativ hallara gətirib çıxarır. Digər tərəfdən gündəlik plan məsələsi də bu cür pis hadisələrin yaşanmasına səbəb olur. 

Nəticə etibarilə biz davranışda qeyri-etik halların, kobudluğun şahidi oluruq.  Məlumata görə, hazırda Nəqliyyat Nazirliyi avtobuslarda kameraların qurulması prosesinə başlayır ki, həmin kameralar vasitəsilə sürücünün davranışı nəzarətdə saxlanılsın. Digər halda qaydanı pozan sürücü işdən uzaqlaşdırılsın. Burda bir nüans var. Sürücü götürülən insanların çox vaxt əmək müqaviləsi olmur deyə, onlar əmək kitabçası da təqdim etmirlər. Nəticədə faktiki olaraq, onlar məsuliyyətdən də azad olurlar".

 Ekspert hesab edir ki, təcrübə şərti məsələsi sürücülərin qarşısında qoyularsa və digər məsələlərə də bununla bərabər, diqqət edilərsə, istər əmək kitabçasının təqdim olunması, əmək müqaviləsinin bağlanması, eyni zamanda gündəlik planın götürülməsi, aylıq məvacib sisteminə keçid və s.  problemli  məsələlərin həllinə səbəb ola bilər: "Lakin əsas məsələ icra mexanizmi olmalıdır. Şirkətlər sərbəst şəkildə bu mexanizmin qurulmasında maraqlı olmalıdırlar. Dövlət qurumları da bu istiqamətdə nəzarəti gücləndirilməlidirlər. Yalnız bu zaman sözügedən problemlərin həlli mümkündür".  

"Müstəqil Nəqliyyatçılar Birliyi"nin sədri Natiq Ələkbərov də məsələ ilə bağlı fikirlərini  bildirdi: "Bəli, iş təcrübəsi tələb kimi qoyulmalıdır. İkinci bir tərəfdən avtobus sürücüləri üzərində ciddi nəzarət aparılmalıdır ki, vaxt dalınca qaçıb yol-hərəkəti qaydalarını pozmasınlar. Ümumiyyətlə, onlar hər addımda təhlükəli sürürlər. İstər yaşlısı olsun, istərsə də cavanı. Bu gün sərnişinlər avtobusda həddindən artıq narahat şəkildə gedirlər. Sürücülər sürəti qəfildən artırılar, azaldırlar. Çünki dediyim kimi, tək məqsəd vaxt ardınca qaçmaqdır. Bu psixologiyada olan sürücülər əlbəttə ki, tez-tez qəzalar törədəcəklər".