Kinomuz Oskar ala bilər
10 Oktyabr 2014 13:15 (UTC+04:00)
Azərbaycan filmi "Oskar" ala bilər. Belə ki, Elçin Musaoğlunun
"Nabat" filmi Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri
Akademiyasının ən məşhur və nüfuzlu mükafatı olan "Oskar"a təqdim
olunub.
C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasından verilən
məlumata görə, dünya premyerası sentyabrın 5-də 71-ci Venesiya
Beynəlxalq Film Festivalında baş tutan ekran əsəri bir çox nüfuzlu
beynəlxalq film festivallarına dəvət alıb. Filmin dünya üzrə
distribütoru "Dreamlab Films"dir.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.
Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında çəkilən "Nabat"
filmi Qarabağ müharibəsindən bəhs edir.
Ekran əsərinin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə
zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan
sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini
tərk edirlər. Nabat xala isə xəstə həyat yoldaşını və oğlunun
məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin
məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan
lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə
qorxurlar.
Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını
bir daha təsdiq edir.
Tammetrajlı bədii filmin quruluşçu rejissoru Elçin Musaoğlu,
ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu
operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli,
prodüseri Müşfiq Hətəmovdur.
Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev,
Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.