Əmək pensiyalarının orta həddi Avropa Sosial Xartiyasının tələblərinə cavab verir

13 Oktyabr 2014 18:19 (UTC+04:00)

Dövlət Sosial Müdafiə Fondu Aparatının əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev media nümayəndələri ilə görüş keçirib. Movqe.az xəbər verir ki, bildirib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı ilkin məlumatlara görə, 2014-cü ilin 01 oktyabr tarixinə 1286,2 min nəfər təşkil edib və ilin əvvəli ilə müqayisədə 9,1 min nəfər və ya 0,7 faiz artıbr. Pensiyaçıların 782581 nəfərini və ya 60,9 %-ni yaşa görə, 363181 nəfərini və ya 28,2 %-ni əlilliyə görə, 140425 nəfərini və ya 10,9 %-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir. 2014-cü ilin 01 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 172,9 manat olmuş, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 191,5 manat təşkil etmişdir. Hazırda yaşa görə əmək pensiyalarının orta aylıq məbləği ölkə üzrə orta aylıq əmək haqqının 43,4 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərini tam cavablandırır. Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq görülən tədbirlər nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılıb. Göstərilən xidmətlər vətəndaşlara hesabatları elektron formada təqdim etmək, pensiya kalkulyatoru vasitəsilə pensiyasının məbləği barədə məlumat almaq, pensiya və müavinətləri avtomatlaşdırılmış qaydada təyin etmək, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək, sığortaolunanların elektron qaydada uçota alınması, fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı barədə məlumatları əldə etmək və s. imkanlar yaradır. Əhaliyə göstərilən elektron xidmətlərdən istifadə imkanlarının artırılması məqsədilə Fondun yerli orqanlarında yardım masaları yaradılmış, müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar keçirilmişdir. Göstərilənlərin nəticəsi olaraq Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron xidmətlər "elektron hökumət" portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də "elektron hökumət" portalı (www.e-gov.az), vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb ki, bu da ümumi vətəndaş müraciətlərinin azalmasında və şəffaflığın daha da artmasında öz rolunu oynayıb. Sonda DSMF-nin sektor müdiri Rüfət Oruclu Fondun elektron xidmətləri ilə bağlı təqdimatla çıxış edib.