Müxalifət yenə xaricilərə hesabat verir

16 Oktyabr 2014 08:48 (UTC+04:00)

İŞİD bayrağının dalğalanması ilə yadda qalan Milli Şuranın son mitinqi daha bir məsələyə aydınlıq gətirdi. AXCP sədrinin müavini Razi Nurullayev Milli Şuranın 12 oktyabr mitinqi ilə bağlı ABŞ-ın ölkəmizdəki səfirliyini məlumatlandırdığını bildirdi. Belə ki, o, ABŞ səfirliyində yeni siyasi müşavir Kerri Vaitlə görüşüb. Bununlabağıl o qeyd edib: "Milli Şuranın keçirdiyi etiraz aksiyası, ölkədə baş verən son olaylar barədə məlumat verdim. Qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi apardıq".

Müxalifətçinin Milli Şuranın keçirdiyi mitinq haqqında ABŞ səfirliyini məlumatlandırması diqqət çəkir. Çünki, ilk növbədə Cenevrə Konvensiyasına görə diplomatik korpusun işi fəaliyyət göstərdiyi ölkədə öz ölkəsinə və vətəndaşlarına aid məsələlərlə məşğul olmaqdan ibarətdir. Milli Şuranın mitinqi isə birbaşa Azərbaycanın daxili işidir. Eyni zamanda məlumatlandırma, hesabat vermə radikal müxalifətin bəzi xarici dairələrin, səfirliklərin işarəsi altında hərəkət etdiyini də göstərir.

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirdi ki, "Milli Şuranın mitinq keçirilib" ifadəsi qəribə görünür: "Çünki, özü, fəaliyyəti, sosial dayağı olmayan təşkilatın mitinq keçirməsində uyğunsuzluq var. Bununla belə, orada qaldırılan İŞİD bayrağı da onların əqidəsində nələrin olduğunu göstərdi. Digər tərəfdən, onların hansısa səfirliklərə getmələri, hesabat verib, məsləhət almaları birinci hal deyil. İndiki vəziyyət də bir daha göstərdi ki, onlar kənar mərkəzlər tərəfindən idarə olunur. Sadəcə olaraq, bu dəfə operativliyi yerinə yetirib, mitinqdən sonra gedib hesabatlarını təqdim ediblər. Çox güman ki, onlar pul arxasınca ora qaçıblar".

Aydın Hüseynov qeyd etdi ki, bu gün Azərbaycan cəmiyyəti ilə iqtidar çox sıx birliyə malikdir: "Çünki, cəmiyyət və iqtidar Azərbaycanın dövlət və milli maraqlarının qorunması faktlarında birləşiblər. Ancaq müxalifətin kənar qüvvələrin əlində oyuncağa çevrilməsinə elə qapanmaq lazım deyil. Bunun ciddi qorxusu yoxdur. Çünki, həmin müxalifətin özünün təsir qüvvəsi yoxdur. Bunun həmin dairələrin özlər idə bilir. Kənardakı mərkəzlərin təsir qüvvəsi olmayan bu adamları hansısa formada dəstəkləməsi qəribə görünür. Bununla belə, Azərbaycan dövlətçiliyinə, milli maraqlarına qarşı istənilən addım qəbuledilməzdir. Onlar dərhal cəzalarını alır və alınacaq".

Azad Respublikaçılar Partiyasının (ARP) sədri Kamil Seyidov bildirdi ki, bu, müxalifətin Azərbacanın inkişafına qısqanclıqla yanaşan, bəzən də düşmən mövqedə olan mərkəzlərlə əməkdaşlıqlarından xəbər verir: "Ancaq müxalifətin hansısa mərkəzlərə hesabat verməsi düzgün deyil. Təbii ki, əgər əvvəldən onlarla məsələhətləşirlərsə, sonda da onlara hesabat verməlidirlər. Bu hal varsa, aidiyyatı qurumlar tərəfindən araşdırılmalıdır. Yəni, bu insanlar müxalifət nümayəndəsi olaraq kimə qulluq edirlər? Xalqın mövqeyini yoxsa, Azərbaycanda siyasi maraqları olan qüvvələrin mövqeyini tərənnüm edirlər? Ümumiyyətlə, siyasi partiyada vəzifə tutan insanların digər ölkələrə hesabat verməsi yolverilməzdir. Eyni zamanda həmin səfirliklərin əməkdaşlarının Azərbaycanda gedən siyasi proseslərə bu və ya digər formada yön verməsi qəbuledilməzdir. Buna qanunla da icazə verilmir. Ancaq bütün hallarda dağıdıcı qüvvələrin addımlarının qarşısı bundan sonra da alınacaq. Elə bunlara istiqamət verən beynəlxalq təşkilatların, onların Azərbaycanda olan təmsilçilərinin özləri də bilirlər ki, bu qüvvələr hansı sosial bazaya malikdir. Həmin sosial bazaya malik olan qrupların Azərbaycanda konstruktiv işlər görməsi isə inandırıcı deyil".