Sabah Bakı buxtasına mülki gəmilərin girişi bağlanacaq

15 Oktyabr 2014 20:00 (UTC+04:00)

Oktyabrın 16-sı səhər saat 8:00-dan Bakı buxtasına mülki gəmilərin girişi bağlanacaq.


Bu barədə APA-ya Bakı Beynəlxalq Dəniz Ticarət Limanından məlumat verilib.

 

Buxtaya girişin bağlanması Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanmasının iki hərbi gəmisinin Bakıya gəlməsi ilə bağlıdır.

 

Qeyd edək ki, Rusiyanın 11661 "Gepard" layihəli "Dağıstan" və 21631 "Buən-M" layihəli "Qrad Sviyajsk" hərbi gəmiləri oktyabrın 16-dan 19-dək Bakıda dostluq səfərində olacaq. Hər iki gəmi hazırda öz döyüş imkanlarına görə Xəzər dənizində ən güclü və müasir hərbi gəmilər hesab olunurlar.

 

Səfər müddətində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

 

Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

 

Rusiyanın Azərbaycandakı səfirliyindən isə APA-ya bildirilib ki, arzu edənlər oktyabrın 16-da saat 17:00-dan 18:00-dək, oktyabrın 17-də saat 11:00-dan 13:00-dək, oktyabrın 18-də saat 11:00-dan 12:00-dək gəmiləri ziyarət edə bilərlər