Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 23 il
ötür. Movqe.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Ali
Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında "Azərbaycan
Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını
qəbul edib.
Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti
Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi
İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik
prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası
haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30
avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını
qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət
quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis
edir.
1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi
keçirilir. Referendum bülleteninə bir sual yazılır: "Siz
"Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında"
Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya
Aktına tərəfdarsınızmı?" Azərbaycan xalqı yekdilliklə respublikanın
dövlət müstəqilliyinə tərəfdar çıxır.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan
Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri
Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz
guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir.
18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd
edilir.