Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yarımillik nəticələri açıqlayıb

19 İyul 2012 12:39 (UTC+04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) 2012-ci ilin I yarısı ərzində görülmüş işlərlə bağlı hesabatını açıqlayıb.
Komitədən "APA-ECONOMICS"ə verilən məlumata görə, hesabat dövrü ərzində nəqliyyat vasitələrində sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir sıra işlər görülüb. Belə ki, BMT-nin Avropa İqtisadi Komissiyasının qaydaları əsasında standart layihələri hazırlanmış və sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində 80 standart dövlət qeydiyyatına alınıb. Ümumilikdə 2012-ci ilin birinci yarımili üzrə 98 standart təsdiq edilib və dövlət qeydiyyatına alınıb.

Hesabat dövründə SMPDK tərəfindən 70 müəssisəyə, o cümlədən 29 yanacaqdoldurma məntəqəsinə, 5 maye qaz doldurma məntəqəsinə, 4 alkoqollu içki, 1 əlvan metal, 1 neft məhsullarının istehsalına, 30 tibbi fəaliyyət ilə məşğul olmağa lisenziya alınması üçün rəy verilməsi ilə əlaqədar metroloji ekspertiza keçirilib və müvafiq rəy hazırlanıb. 
Bundan başqa, 107 ədəd yeni ölçmə vasitələrinin tipi təsdiq edilərək Azərbaycan ölçmə vasitələrinin Dövlət reyestrinə daxil edilib.

Cari ilin 6 ayı ərzində Komitəyə 85 ixtira, 22 sənaye nümunəsinə dair iddia sənədi daxil olub. "Patent haqqında" qanunun 28-ci, 29-cu maddələrinə əsasən, iddia sənədləri üzrə ekspertiza aparılıb və nəticədə 112 ədəd ilkin ekspertiza sorğusu, 100 ədəd ekspertiza sorğusu qəbul olunub, ilkin ekspertizanın müsbət nəticəsi haqqında 44 ədəd bildiriş, iddia sənədi barəsində məlumatın dərci haqqında 45 qərar, patent verilməsi haqqında 5 qərar, 5 imtina bildirişi verilib. 
Hesabat dövründə əmtəə nişanlarının və coğrafi göstəricilərin ekspertizası ilə bağlı AzPatent əmtəə nişanına dair 916 iddia sənədi, Madrid sazişi və protokolu çərçivəsində beynəlxalq əmtəə nişanlarına dair 1322 bildiriş daxil olub. Hesabat dövründə əmtəə nişanlarına dair 428 ilkin ekspertiza bildirişi, 10 ədəd ekspertiza sorğusu, əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında 532 arayış, əmtəə nişanının qeydiyyata alınması haqqında 468 qərar, 94 əmtəə nişanının qeydiyyata alınmasından imtina qərarı və 66 əmtəə nişanının qeydiyyata alınmasına dair ilkin imtina bildirişləri tərtib olaraq iddiaçılara təqdim edilib. 

Daxil olmuş iddia sənədlərinin ekspertizasının nəticələri əsasında ilk yarımildə 508 ədəd əmtəə nişanına dair şəhadətnamə, 57 ədəd ixtira, 10 ədəd sənaye nümunəsi, 6 ədəd faydalı modelə dair patent qeydiyyata alınaraq sahiblərinə verilib.