Siqaret çəkənlərə pis xəbər - qiymətlər qalxır
21 Oktyabr 2014 12:25 (UTC+04:00)
Gələcəkdə Azərbaycanda siqaretin və tütün
məhsullarının qiymətinin bahalaşacağı tam
realdır.
Movqe.az xəbər verir ki, bunu Trend-ə "European
Tobacco Baku" ASC (ETB) tütün şirkətinin İdarə heyətinin sədri
Rüfət Quliyev bir qutu siqaretin qiymətində aksiz payının 70
faizədək (ƏDV nəzərə alınmamaqla) artırılmasını nəzərdə tutan
tütünə qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə
Konvensiyası ilə bağlı bu yaxınlarda qəbul edilən qərarı şərh
edərkən deyib. Azərbaycanda bir qutu
siqaretin qiymətində aksizin payı 12,5 faiz, Rusiyada 40 faiz,
Böyük Britaniyada isə 70 faizdir. Onun
sözlərinə görə, bütün dünyada siqaret çəkmə ilə mübarizə üzrə
görülən tədbirlər nəzərə alınmaqla tütün məmulatlarının qiymətinin
artması tendensiyasi müşahidə olunur: "Bunların sırasında
aksizlərin payının, vergi dərəcələrinin artırılması, ictimai
yerlərdə siqaret çəkilməsini qadağan edən qanunun qəbul edilməsi
var. Ümumilikdə Avropa və dünya iqtisadiyyatına fəal inteqrasiya
şübhəsiz ki, siqaretin qiymətinə təsir edəcək. İstənilən halda bu
məsələ hökumətin ixtiyarında qalacaq, lakin fikrimcə, Azərbaycan
gec-tez siqaretin qiymətini yüksəltmək zərurəti ilə
qarşılaşacaq".
R.Quliyev qeyd edib ki, idxalçı ölkələr arasında
siqaretin qiymətinin artması Azərbaycanda xüsusi narahatlıq
doğurmamalıdır: "Məsələ burasındadır ki, hazırda Azərbaycanda yerli
istehsal tütün məmulatlarına olan daxili tələbatın 20-25 faizini
qarşılayır, halbuki "European Tobacco"nun potensial gücü
Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan
verir. İndiki halda söhbət brendlərdən gedir. Əhalinin rifahı
artdığına görə Azərbaycanda daha bahalı siqaret markalarına
üstünlük verilir. Lakin hesab edirəm ki, bu, idxal qiymətlərinə
təsir etməməlidir, çünki aksiz payının artması adətən daxili
bazarda qiymətlərə təsir edir".
O bildirib ki, siqaretin qiymətinin artması da
xammalın bahalaşması ilə əlaqədar ola bilər: "Avropada tütün əkmək
qadağan edilib və tütünçülük daha çox Latın Amerikası və Afrika
ölkələrində yayılır. Xammal bahalaşır, onun tədarükünə çəkilən
xərclər də artır. Nəticədə istehsalçılar da məhsulun qiymətini
artırmaq məcburiyyətində qalırlar".
R.Quliyev əlavə edib ki, "European Tobacco"
ehtiyac yaranacağı təqdirdə istehsalı 3 dəfə artırmaq gücündədir:
"European Tobacco" ildə 2 milyard siqaret istehsal edir ki, bu da
hazırda bazarın 25-27 faizini təmin etməyə imkan verir. Bununla
belə, zavod 3 dəfə daha çox istehsal etmək gücündədir. Tütün
məmulatlarının istehsal həcminin artırılması bir neçə amildən
asılıdır - multimilli şirkətlər - siqaret istehsalçıları ilə
razılaşmalar, bazarda tələbat və xammalın
qiyməti".
Onun sözlərinə görə, "European Tobacco"nun
məhsullarının ixrac həcmi ildə 100-120 milyon siqaret arasında
dəyişir.