Vətəndaşlara əlavə pensiya təminatı

21 Oktyabr 2014 12:38 (UTC+04:00)

Gələcəkdə vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılmasına nail olunacaq Movqe.az xəbər verir ki, bu barədə DSMF sədri Elman Mehdiyev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib. Onun sözlərinə görə, bu məqsədlə Azərbaycanın perspektiv inkişafının yaradacağı maliyyə-iqtisadi və institutsional imkanlar cəlb edilməklə dövlət sığorta-pensiya sistemində könüllü sosial sığortanın tətbiq edilməsi;  könüllü sosial sığorta əsasında qeyri-dövlət pensiya institutlarının fəaliyyətinin təşkilinin reallaşdırılması əsas vəzifələrdəndir. DSMF sədri bildirib ki, beynəlxalq təcrübədə real yığım komponenti, dövlət (əmək pensiyasının yığım hissəsi) və ya qeyri-dövlət (qeyri-dövlət pensiya fondları vasitəsilə təminat) sektorunda tətbiqindən asılı olmayaraq əhalinin pensiya gəlirləri mənbələrinin diversifikasiyasında və sığortaolunanların istehlak imkanlarının pensiyaya çıxdıqdan sonra kəskin şəkildə azalmasının qarşısının alınmasında vacib rol oynayır: "Göstərilən sistemdə pensiya fondları vəsaitlərin yığılması, vahid hesabda cəmlənməsi və investisiyalara yönəldilməsini həyata keçirən institusional investor qismində fəaliyyət göstərməklə, iqtisadiyyatın uzunmüddətli maliyyə vəsaitləri ilə  təmin edilməsi və uzunmüddətli borc öhdəlikləri və qiymətli kağızlar üçün bazarın yaradılaraq inkişaf etdirilməsi kimi mühüm makroiqtisadi təsir imkanlarına  malikdir". 

E. Mehdiyev bildirib ki, bu baxımdan  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində pensiya fondlarının aktivlərinin bu təşkilata daxil olan ölkələrin birgə ÜDM məbləğinin 74%-nə bərabər olduğu diqqətə alınarsa, real yğım komponentinin tətbiqinin  təkcə sosial müdafiə məqsədləri üçün deyil, həm də ümumilikdə makroiqtisadi səviyyədə əhəmiyyəti təsdiqlənir.