Afrikadan gələn ekzotik meyvələrdə Ebola təhlükəsi

22 Oktyabr 2014 15:00 (UTC+04:00)

Azərbaycanda əhali arasında Ebola ilə bağlı narahatlıq davam edir. Bu virusun Azərbaycana gəlmə ehtimalı əsasən Ebolanın yayıldığı ölkəyə gələn insanlar olsa da, son günlər Azərbaycanda daha çox istehsal olunan bananla bağlı da müəyyən şübhələr yaranıb. Azərbaycana bananla yanaşı digər ekzotik meyvərin də əsasən Afrikadan idxal edildiyini nəzərə alsaq, təhlükənin miqyası daha da böyüyür. Bəs görəsən Afrikadan idxal olunan meyvələrdə Ebolanın Azərbaycana gəlmə ehtimalı nə dərəcədə mümkündür? 

Elmi Tədqiqat Pediatriya İnstitutunun baş direktoru  Nəsib Quliyev bu riskin çox az olduğunu söyləyir. N. Quliyev deyir ki, banan əsasən uşaqların istehlak etdiyi məhsul olduğundan, narahatçılığa bir qədər əsas var: "Öncə qeyd edim ki, Ebola əsasən birbaşa kontakt nəticəsində, ağız seliyi və sair yolu ilə yayılır. Ola bilər ki, bananı toplayan insan bu virusa yoluxmuş olsun. Amma bu virusun kontakt yolu ilə yayılması inandırıcı deyil. Çünki, sözügedən virus açıq hava şəraitində uzun müddət yaşamır. Bananın isə ölkəyə gətirilməsi, saxlanılması uzun müddət vaxt aparır. Bu müddətdə virusun yaşaması inandırıcı deyil. Eləcə də, digər ekzotik meyvələrlə Ebolanın yayılması mümkün deyil".

Amma bununla belə N. Quliyev ehtiyatlı olmağı, uşaqları bu xəstəlik davam edincə banan və Afrika ölkələrindən gətirilən bir çox meyvələrdən çəkindirməyin lazım olduğunu söyləyir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma şöbəsinin rəhbəri İmran Abdullayev deyir ki, Afrika ölkələrindən idxal edilən meyvələrlə Azərbaycana Ebola virusunun keçməsi inandırıcı deyil. Şöbə rəhbəri bunun səbəbini virusun insandan-insana, heyvandan insana keçməsinin öz faktını tapması ilə əlaqələndirir. Onun sözlərinə görə, meyvələri Ebolaya yoluxan şəxsin toplayarsa, yalnız bu virus ağız suyu, öskürəklə ağız suyu həmin meyvənin üzərinə düşərsə yayıla bilər".       

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov da meyvə ilə virusun ölkəyə gətirilməsinin mümkün olmadığını deyir. Onun sözlərinə görə, laboratoriya tərəfindən ölkəyə gətirilən bananların tərkibində ona verilən gübrənin və ağır metalların miqdarı yoxlanılır. Əgər bu göstəricilər normadan artıq olursa, onda onların satılmasının qarşısı alınır. Y.İbrahimov bildirib ki, hazırda ölkəyə gətirilən bananların tərkibi normaldır və onlarla bağlı narahatlığa əsas yoxdur.