Əhaliyə xəbərdarlıq
22 Oktyabr 2014 16:01 (UTC+04:00)
Payız-qış mövsümü ilə dəm qazından zəhərlənmə
halları artır.
ANS TV-nin məlumatına görə, payız- qış mövsümü
başladığından əhalinin istilik cihazlarından istifadə halları da
çoxalıb. Mövsümün başlanmasi ilə artıq dəm qazından bir neçə
zəhərlənmə hadisəsi də qeydə alınıb.
"Azəriqaz" QSC qış mövsümünə hazırlıq işlərinə
başlayıb. İlk növbədə cihazların texniki baxışları həyata
keçirilir. Həmçinin qaz cihazlarından qeyri- qanuni istifadə
hallarının aşkarlanması istiqamətində də işlər aparılır. Belə ki,
texniki baxış sürətləndirilib, maarifləndirici kampaniya həyata
keçirilir. Hətta texniki baxışı həyata keçirən yeni qurum da
formalaşdırılıb. Ancaq sırf təhlükəsizlik baxımından abonentlərin
üzərinə daha çox məsuliyyət düşür.
Ölüm halları ilə rastlaşmamaq üçün "Azəriqaz"
QSC-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev abonentləri də qaz
qurğularının quraşdırıldığı zaman təhlükəsizlik tələblərinə riayət
etməyə çağırır.
Belə ki, o havalandırma xətlərinin normal işləməsi
üçün lazımı tədbirlərin vaxtında görülməsini
bildirdi.
Əgər istilik cihazı hamamda quraşdırılıbsa, otağın
qapısı içəri deyil, çölə açılmalıdır. Otağa havanın daxil olmasını
təmin etmək üçün, qapının aşaği hissəsində 0,02 kvadrat mertdən az
olmayan boş sahə saxlanılmalıdır və ya dəliklər açılmalıdır. Diqqət
yetirilməli daha bir məqam var, bu da istilik cihazlarıdır. Daha
yaxşı olardı ki, abonentlər istilik cihazlarını əldə edərkən,
onların uyğunluq sertifikatlarının mövcud olub- olmasına diqqət
yetirsinlər.
Sözsüz ki, bu cihazların quraşdırılmasını yoldan
keçənə deyil, məhz mütəxəssislərə həvalə etmək məsləhətdir. Necə
deyərlər, öz həyatınızın qeydinə gərək elə özünüz qalasınız ki,
sonradan faciəvi sonluqla üzləşməyəsiniz.