Sabah ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək
19 İyul 2012 15:37 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası iyulun 20-də 2012/2013-ci tədris ili üçün Azərbaycanın
ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik)
orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul
imtahanı keçirəcək.
TQDK-nın mətbuat xidmətindənAPA-ya
verilən məlumata görə, imtahan respublikanın 6 şəhərində - Bakıda
37, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7, Şəkidə 3, Lənkəranda 4
binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 2528
nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 235 imtahan rəhbəri
cəlb olunacaq.
İmtahanın gedişini işıqlandırmaq üçün 70-dək KİV nümayəndəsi
TQDK-da akreditasiyadan keçib. 2012-ci ildə I qrup üzrə 33533
abituriyent ərizə təqdim edib.
I ixtisas qrupu üzrə sənəd verənlərin 30803 nəfəri Azərbaycan
bölməsinin, 2730 nəfəri isə rus bölməsinin məzunudur.
Abituriyentlərin 19847 nəfərini oğlanlar, 13686 nəfərini isə qızlar
təşkil edir. 18818 nəfər orta ümumtəhsil məktəblərinin builki,
13259 nəfər əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil
almaq istəyən 167 abituriyent xarici ölkələrin vətəndaşıdır. 123
abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali
təhsil almaq arzusundadır. 1333 abituriyent orta ixtisas təhsili
müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-ci il, ən gənc
isə 1997-cı il təvəllüdlüdür.
Bakıda 21080, Naxçıvanda 1324, Gəncədə 3400, Sumqayıtda 4368,
Şəkidə 1653, Lənkəranda isə 1708 abituriyent imtahan verəcək.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3
saat ərzində aparılacaq.
İmtahan binasına giriş zamanı uzərində mobil telefon, konspekt və
digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt
tərtib olunaraq, onların imtahan sənədləri alınacaq və imtahan
binasına buraxılmayacaqlar.
İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas
qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat
19:00-da "Space" telekanalında canlı yayımlanan "Abituriyent"
verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən
imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test
tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə
olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet
saytında yerləşdiriləcək.
I ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının
emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın
internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan
nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə
iş nömrələrini göndərməklə öyrənə biləcəklər.
I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən
ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan
komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 24-dən
30-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını
müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron
ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət
imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas
qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə
biləcəklər.
Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul
imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun
7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili
müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən
abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri
elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə
elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili
müəssisələrinin ixtisaslarını seçə biləcəklər.