Hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülür
24 Oktyabr 2014 15:52 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı
nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin
yaxşılaşdırılması, çöl və stasionar şəraitdə yerləşən hərbi
hissələrin maddi-texniki təminatının gücləndirilməsi və müasir
avadanlıqla təchiz edilməsi istiqamətində işlər davam
etdirilir.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən AzərTAc-a bildiriblər ki,
Ali Baş Komandanın bu sahədə işlərin sürətləndirilməsi məqsədilə
verdiyi tövsiyə və tapşırıqlarının icrası ilə əlaqədar qısa müddət
ərzində nazirliyin rəhbərliyi tərəfindən konkret tədbirlər həyata
keçirilib. Belə ki, hərbi qulluqçuların yay və qış, bütün alt və
üst geyim formaları daha rahat olması, keyfiyyəti və rəngləri ilə
seçilir. Bundan əlavə, pilot variantda hazırlanan və hərbi
hissələrdə istənilən iqlim şəraitində sınaqdan keçirilən yeni
formalar yüksək dözümlülüyü və davamlılığı ilə də
fərqlənirlər.
Eyni zamanda, hərbi qulluqçuların yataq
şəraitlərinin yaxşılaşdırılması məqsədilə köhnə tip əsgər
çarpayıları müasir tipli bir və iki mərtəbəli çarpayılarla, pambıq
yataq dəstləri yaylı döşək, sintepon balış və akril odeyallarla,
kiçik həcmli dolabçaların isə iki nəfərlik iritutumlu metal
dolablarla əvəz olunması işləri həyata keçirilir. Həmçinin iplik
əl-üz dəsmalları xovlu əl-üz dəsmalları ilə əvəz edilir, o cümlədən
şəxsi heyətin hərbi geyim və əşya əmlakı ilə təminatı normalarına
hamam və ayaq dəsmalları da əlavə olunur.
Hazırda stasionar və çöl şəraitində yerləşən hərbi
hissələrdə hamam-camaşırxana və məişət otaqlarının avadanlıqlarının
yeniləri ilə əvəz olunması istiqamətində də müvafiq işlər görülür.
Hərbi qulluqçular üçün müasir tələblərə cavab verən camaşır xidməti
təşkil edilir, camaşırların yuyulması, qurudulması, ütülənməsi və
polietilen steril paketlərdə qablaşdırılaraq hərbi hissələrə
çatdırılması yüksək səviyyədə həyata keçirilir.
Hazırda "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin hərbi hissələri, hərbi-tədris müəssisələri və
təşkilatlarının şəxsi heyətinin hərbi geyim və əşya əmlakı ilə
təminat normaları"na əlavə dəyişikliklərin edilməsi barədə qərar
qəbul olunması üçün layihə sənədi Nazirlər Kabinetinə təqdim
olunub.