2017-ci ildə Azərbaycanda ilk dəfə qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsi keçiriləcək
24 Oktyabr 2014 20:39 (UTC+04:00)
Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə
olaraq 2017-ci ildə qadınlar arasında keçiriləcək Avropa
çempionatının final mərhələsi Azərbaycan və Gürcüstanda
keçiriləcək.
Azərbaycan Voleybol Federasiyasından Trend-ə
bildiriblər ki, bu qərar Antalyada keçirilən Avropa Voleybol
Konfederasiyasının konqresində qəbul edilib.
Qərara əsasən, 1 qrup görüşlərini Gürcüstanın
Tbilisi şəhərində, 1 qrup Azərbaycanın Quba şəhərində, 2 qrup isə
Bakı şəhərində keçirəcək.
Qeyd edək ki, yarımfinal və final oyunları böyük
yarışlara ev sahibliyi edən Bakı şəhərində
keçiriləcək.
Konqresdə çıxış edən Azərbaycan Voleybol
Federasiyasının I vitse-prezidenti Faiq Qarayev Bakıda keçiriləcək
final oyunları haqqında məlumat verib. Çıxış zamanı F.Qarayev qeyd
edib ki, ölkə rəhbərimiz Azərbaycanda keçirilən bütün tədbirlərə
diqqət və qayğı göstərir və Azərbaycan bu tədbirlərin yüksək
səviyyədə keçirilməsinə həmişə hazırdır.
Səsvermə zamanı konqres iştirakçılarının demək
olar ki, əksəriyyəti Azərbaycanın namizədliyini dəstəkləyib.