Təhsilə biganə münasibətdən doğan böyük fəsadlar

28 Oktyabr 2014 07:07 (UTC+04:00)

Vaqif Abışov: "İbtidai təhsildə uşaq axsayırsa, təbii ki, yuxarı mərhələdə bu hal daha kəskin olacaq"



Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi münasibətilə keçirilən Elmi Şurasının iclasında Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev bir sıra maraqlı məqamlara diqqət çəkib.

Çıxışı zamanı Ramiz Mehdiyev təhsil mövzusuna da toxunaraq, buradakı bəzi çatışmayan məqamlardan danışıb: "Son illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən orta məktəblərdə keçirilən buraxılış imtahanları göstərir ki, ölkəmizdə elə gənclər var ki, imtahan verə bilmir. Yüzlərlə hallarda imtahanın nəticəsinə dair xüsusi protokol tutulur. Protokolda göstərilir ki, məsələn, Məmmədov Məmməd "hərfləri və rəqəmləri tanımır". Beləliklə, 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır. Mən bunu şərh etmək istəmirəm. Çünki hər birinizə aydındır ki, bunun arxasında nə dayanır - əlbəttə ki, ilk növbədə, ailənin, tədrisdə çalışanların və yerli icra hakimiyyətlərinin biganəliyi".

Kifayət qədər haqlı və yerində tutlumuş iraddır. Laikn maraq doğuran hansı səbəbdən belə bir vəziyyətin yarnmasıdır.

Millət vəkili, professor Musa Qasımlı məsələnin köklü şəkildə həlli üçün müvafiq icra strukturlarının səyləri artırmalı olduğunu bildirdi: "Azərbaycan Respublikası Prezident Adminstrasiyasının rəhbəri, görkəmli filosof, akademik Ramiz Mehdiyevin bu fikirləri ilə tanışam. Söylədiklərinin hamısı ilə tamamilə şərikəm. Çünki, Ramiz müəllim konkret fakt və materiallar əsasında öz fikirlərini bildirib. Savadsızlıq kimi halın yenidən həyatımıza qayıtmaması üçün fikrimcə, Ramiz müəllimin söylədikləri qüsurları aradan qaldırılması lazımdır. İlk növbədə orta məktəblərdə tədrisin keyfiyyəti yaxşılaşdırılmalıdır. Məktəblərə təsadüfən düşən müəllimlərdən xilas olmaq lazımdır. Məktəb direktorları, dərs hissə müdirləri və müəllimlərin məsuliyyəti artırılmalıdır. Bu gün yuxarıdan nə qədər inzibati qaydada nəzarət olsa belə, direktor, dərs hissə müdiri və müəllim yerində deyilsə, tədrisin keyfiyyətindən istənilən səviyyədə danışmaq olmaz. Hesab edirəm ki, Ramiz müəllim Azərbaycanın təkcə bu günü deyil, həm də gələcəyilə bağlı mühüm bir məsələni gündəliyə gətirir. Həmin məsələnin köklü şəkildə həlli üçün müvafiq icra strukturu səylərini artırmalıdır".

Millət vəkili Fazil Mustafanın fikrincə, təhsil sahəsindəki problemlərin aradan qaldırılması üçün aşağıda da adə olmalıdır: "Təhsil məsələsi, xüsusən də indiki zamanda olduqca aktual əhəmiyyət kəsb edir. Prezident Adminstrasiyası rəhbərinin bu cür açıqlamaları doğrudan da təhsildə vəziyyətin nə qədər faciəli olduğunun bir göstəricisidir. Bu məsələ diqqətə alınmalıdır. Layiqli, savadlı kadrların tapılması problemi bir gerçəklikdir. Bu vəziyyətin dəfələrlə dilə gətirilib, bildirilməsi müsbət tendensiyadır. Bununla ən azından həmin sahəyə diqqət ayırmaq imkanları yarana bilər. Ümid edirəm ki, Ramiz Mehdiyevin bu çıxışı hər halda başlanğıc olaraq, xeyli proseslərə təsir göstərə bilər və ondan lazımi nəticələr çıxarılar. Orada müasir dövrdə təhsilin səviyyəsilə bağlı məsələlərə də münasibət var. Bunlar hamısı həqiqətən də ciddi maraq doğuran məsələlərdir. Amma təhsil sahəsindəki bu problemin aradan qaldırılması üçün aşağıda da iradə olmalıdır. Aşağılar da bu məqamları diqqətlə oxuyub nəticə çıxarmalıdırlar. Lakin hələlik belə bir tendensiya müşahidə olunmur".

Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov isə təhsildəki problemlərin həlli üçün maddi, sosial baxımdan mühüm addımların atılmalı olduğunu dedi: "Təhsil hər bir dövlət və millətin ana xəttidir. İbtidai və orta məktəbdə uşaqlar yaxşı təhsil alırsa, bu, öz əhəmiyyətini daha yuxarı mərhələlərdə də göstərir. İbtidai təhsildə uşaq axsayırsa, təbii ki, yuxarı mərhələdə bu hal daha kəskin olacaq. Təhsildəki geriləmə məsələlərinə dəfələrlə toxunulub. Təhsilə dövlət səviyyəsində diqqət artırılıb. Ancaq sosial və maddi bazanın möhkəmləndirilməsi baxımından atılan addımlar yetərincə olmadığından, təhsildə axsamalar davam edir. Hörmətli Ramiz Mehdiyev də bu məsələnin üzərinə birbaşa gedib. Zənnimcə, vahid bir dövlət imtahanının keçirilməsi bu yolda müəyyən qədər uğurlu addımlardan ola bilər. Çünki, orta məktəbi qurtarıb buraxılış imtahanı, ondan 1 ay sonra ali məktəblərə imtahan vermək problem və uşaqlarda gərginlik yaradır. Bu mənada həmin imtahanların birləşdirilərək, bir imtahandan ibarət olması daha məqsədəuyğundur. Təhsilə diqqət daha da artırılmalıdır. Onun maddi bazası, müəllimlərin sosial durumunun yaxşılaşdırılması və tələbin gücləndirilməsi vacibdir. Dərs vəsaitlərinin keyfiyyətli olması da bu mənada mühüm amildir".