Avtobus sürücüləri sərnişinləri zəhərləməyə davam edir

27 Oktyabr 2014 18:00 (UTC+04:00)

İctimai nəqliyyatda siqaret çəkmək qanunla qadağan olsa da, bu qanuna demək olar ki, məhəl qoyan yoxdur. Avtobusda sürücülərin siqaret çəkməsi hallarına demək olar ki, tez-tez rast gəlinir. Sürücülərin ictimai nəqliyyatda siqaret çəkməsi sərnişinlərin haqlı narazılığına səbəb olsa da, sürücülər qanunu pozmaqda davam edir. Bu qanun pozuntusu dəfələrlə sürücü ilə sərnişinlər arasında mübahisə yaratmasına baxmayaraq, Nəqliyyat Nazirliyi tərəfindən sürücülərə avtobusda siqaret çəkmək qadağası tətbiq edilmir. "Movqe" qəzetinə açıqlamasında Milli Məclisin Sosial Siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, ictimai-qapalı yerlərdə belə tədbirlərin görülməsi düzgündür və bu, qanunla tənzimlənir. Musa Quliyevin sözlərinə görə, 2011-ci ildə qəbul olunan "Tütün və tütün məhsulları haqqında" qanuna əsasən, ictimai nəqliyyat, keçidlər, ictimai tədbirlər keçirilən qapalı yerlərdə siqaret çəkmək qadağandır: "Lakin hazırda siqaret çəkməyə görə cərimələr yerüstü ictimai nəqliyyat və metroya tətbiq edilib. Əgər sürücü avtobusda siqaret çəkirsə, qanunla 50 manat məbləğində cərimə olunub. Millət vəkilinin sözlərinə görə, bu birinci mərhələdir. Başqa yerlərdə siqaret çəkməyə görə hələlik cərimə tətbiq olunmur". 

Qeyd edək ki, Azərbaycanda siqaret çəkənlərin sayı artan templə gedir. Hətta son illər gənclər və qızlar arasında bu hala yoluxanlara daha tez-tez rast gəlinir. Bu vərdişə qarşı bir sıra mübarizə tədbirləri həyata keçirilir. Məsələn, dünyanın sivil ölkələrinin əksəriyyətində ictimai yerlərdə siqaret çəkmək qadağan olunub. Azərbaycanda da artıq bu istiqamətdə iş gedir. Hətta avtobuslarda siqaret çəkilməsinin qadağan edilməsi istiqamətində mühüm bir addım da atılıb. Görəsən, Azərbaycanda ictimai yerlərdə siqaret çəkmək nə vaxt qadağan olunacaq?  Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisdə ictimai yerlərdə siqaret çəkilməsini əngəlləyəcək qanun layihəsi müzakirə olunurdu. Amma hələki bu qanun layihəsi qəbul olunmayıb. Musa Quliyevin sözlərinə görə, sözügedən qanun layihəsinin müzakirəsi Milli Məclisin yaz sesiyasına qalıb: ""Türkiyə də bu yola getdi. Biz də qanunumuzu Türkiyə modeli əsasında hazırlamışıq. Tətbiqi də düşünürük ki, həmin model əsasında həyata keçirilsin. Çünki Türkiyə modeli dünyada ən aparıcı modellərdən biridir. Hətta Türkiyənin tütünlə mübarizədə əldə etdiyi uğurlara görə, keçmiş baş nazir Rəcəb Tayyub Ərdoğan BMT-nin qızıl medalına layiq görülüb. Qardaş ölkədə ilk öncə qadağa ictimai nəqliyyatda tətbiq olundu, 8 il monitorinqi aparıldı, sonra qismən, daha sonda isə bütün qapalı mühitdə siqaret çəkilməsinə qadağa qoyuldu".

Musa Quliyev deyir ki, Azərbaycanda qadağa ilə yanaşı, təbliğat işi də olmalıdır: "Qanun bütün televiziyalar qarşısında ay ərzində 90 dəqiqədən az olmayaraq siqaret çəkməməklə bağlı maarifləndirici verilişləri verməsi barədə öhdəlik qoyacaq".

 

Zülfiyyə QULUYEVA