Baş kəsmək halı niyə çoxalıb?
28 Oktyabr 2014 16:03 (UTC+04:00)
Bir neçə gün öncə öz doğma bacısının başını kəsərək qətlə yetirən
bir gənc qızın cinayəti nəinki ölkə gündəmini, hətta Türkiyə
mətbuatını da silkələdi. Psixologiyada bu kimi hadisələrin səbəbini
ilk dəfə Z.Freyd izah edib. Bütün dünyada analitik yanaşma kimi
qəbul olunan Freyd nəzəriyyəsinə görə, uşaqlıqda yaşanan hadisələr,
sıxışdırılmış arzu və istəklər, israf olunmamış nifrət, kin,
hiddət, qəzəb, qisas, ödənilməmiş tələbatlar insanın gələcək
həyatında arzuolunmaz məcraya yönələrək assosial motivlər
yaradır.
İnsan yaşa dolduqda özündə yaranmış bu neqativ yükə görə qisas
almaq istəyir. Ümumiyyətlə, diqqət etsək, görərik ki, son vaxtlar
baş verən cinayət halları, əsasən, baş və ya boğaz kəsməklə həyata
keçirilir. Maraqlıdır, cinayətlərin çoxalması və bunun xüsusən də
əməli törədənin məhz baş kəsməklə qurbanını öldürmək istəməsi nə
ilə bağlıdır? Bunda İŞİD-ın təsiri varmı? Məlumdur ki, İŞİD-in baş
kəsmə videolarına sosial şəbəkələrdə və xəbər portallarında tez-tez
rast gəlirik.
Psixoloq Dəyanət Rzayev boğaz kəsmə
cinayətlərinin artmasında həm İŞİD-in, həm də digər amillərin mühüm
rol oynadığını bildirdi: "Baş kəsmək asan bir şey deyil. Mən buna
baş kəsmək yox, boğaz kəsmək deyərdim. Bu kimi hadisələrin baş
verməyində nəinki İŞİD-in, hər bir hadisənin təsiri var. Amma
sonuncu baş verən hadisə balaca bacının böyük bacısının başını
kəsməsində müəmmalı məsələlər çoxdur. Diqqət etsək görərik ki, qız
deyib ki, gecə mənə dedilər ki, dur bacını öldür və sairə. Sonradan
da deyir ki, bacım cinsi azlıqlardandır. Mənə elə gəlir ki, bu
cəfəngiyyatdır. Deyilənə görə, onlar çox qapalı qızlar olub.
Psixi pozuntunun ən birinci əlaməti özünə qapalılıqdır. Ehtimal ola
bilər ki, bu insan nəsə qəribə səslər eşidib və bunun nəticəsində
də cinayət törədib. Psixoloqlar bu tip insanları aylarla müşahidə
edirlər və sonda onun ruhi xəstə olub-olmadığını
müəyyənləşdirirlər. Yəqin ki, bu qızı da belə müayinə edərlər. Əgər
qız ruhi xəstə olarsa, o, cinayət məsuliyyətindən azad olacaq və
ruhi xəstəxanada məcburi müalicə alacaq. Ümumiyyətlə, cinayət
hallarının artmasına səbəb insanlarla polislər arasında
münasibətlərin olmaması, insanların polislərdən qorxmasıdır.
Nyu-York ən cinayətkar şəhər sayılırdı. Ancaq indi burada cinayət
halları 84 faiz azalıb. Cinayət baş verməmişdən onun qarşısını
almaq lazımdır. Yəni sosial strukturların, hüquq-mühafizə
orqanlarının işi cinayət baş vermədən bunu önləməkdir. Hansı
profilaktik tədbirlər görülür ki, insanlar polisdən qorxmasın?
Ümumiyyətlə, hansısa cinayət hadisəsi baş verəndə məlumat almaq
üçün ilk öncə insanların qonşularına müraciət edilir. Ancaq
qonşular məlumat vermir. Bizdə belə bir anlayış var ki, əgər mən
qonşum haqqında hansısa bir məlumat versəm mənə satqın deyərlər.
Halbuki bu yanlış bir fikirdir. Gərək hüquq-mühafizə orqanları
insanlarla sıx əməkdaşlıq etsin. Cinayət baş verməmişdən əvvəl
onlarda məlumat olmalıdır. Məsələn, qonşu qonşunu hədələyir, amma
bunu heç kim gedib polisə çatdırmır və nəticədə hansısa cinayət
halı baş verir. Amma Avropada belə bir şey olanda o dəqiqə zəng
edib polisə xəbər verirlər. Ən vacib bir məqama da toxunmaq
istərdim. Hərdən görürük ki, hansısa bir insan itin, pişiyin başını
kəsir, öldürür. Həmin əməli törədənə qarşı cinayət işi qaldırıla
bilər. Ancaq bunu etmirlər. Xatırlayırsınızsa, təzə bazarda körpə
bir iti doğrayıb, ayaqlarını kəsmişdilər. Ancaq bu əməli törədən
insan pul verməklə canını qurtardı və cəzalandırılmadı. Amma nəzərə
almaq lazımdır ki, bu gün itin, pişiyin başını kəsib, doğrayan şəxs
sabah eyni əməli insanların da üzərində edə bilər. Ona görə həmin
şəxslər cəzalanmalıdır. Bundan başqa, bəzi adamlar "avtoşluq"
edənlərə rəğbət bəsləyir. Amma düşünmürlər ki, sabah həmin
"avtoşluq" edənlər onların doğmalarını vura bilər.
Bu barədə heç kim yazmır, danışmır ki, bunun qarşısı alınsın.
İnsanlar niyə susur? Çünki onlarda ciddi kompleks var. Bu gün
Azərbaycan cəmiyyətində psixopatların sayı günü-gündən artır.
Məsələn, yol polisinin sürücünü təhqir etdiyini əks etdirən bir
video yayımlanıb. Baxanda görünür ki, bu polis psixopatdır. Maraqlı
sual isə budur ki, o psixopatın polis sıralarında nə işi var? Bu
cür insanlar sabah bizi qoruya bilərmi? Bu gün Azərbaycan
cəmiyyətində mədəniyyət deyə bir şey yoxdur. Buna görə də
aqressivlik artıb. Aqresiya isə zaman-zaman cinayət hallarının
artmasına səbəb olur. Boğaz kəsmək kimi tükürpədici dəhşətli
cinayətlərin baş verməsinə səbəb yalnız aqressiya deyil. Xarici
telekanallarda göstərilən manyakların, filmlərin də təsiri var".