Azərbaycanda 11 milyon manata yaxın güzəştli kreditin mənimsənilməsi faktı aşkarlanıb
28 Oktyabr 2014 18:34 (UTC+04:00)
Bəzi hüquqi və fiziki şəxslər tərəfindən bankdan
alınmış güzəştli kreditlərdən təyinatı üzrə istifadə edilməməsi
barədə "DəmirBank" Açıq Səhmdar Cəmiyyətinin müraciəti Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə
bildiriblər ki, araşdırmalar zamanı İqtisadiyyat və Sənaye
Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit
təşkilatı kimi büdcə vəsaiti və öz vəsaitləri hesabına "DəmirBank"
Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2006-2010-cu illərdə
kəndli-fermer təsərrüfatının inkişafı, tikinti və sənaye sahəsində
işlərin sürətləndirilməsi məqsədi ilə saxta biznes planlar və digər
sənədlər tərtib etmiş bəzi fiziki və hüquqi şəxslərin adlarına
güzəştli şərtlərlə verilmiş 10 milyon 666 min 600 manat məbləğində
külli miqdarda kreditin təyinatı üzrə istifadə edilməyərək həmin
fiziki və hüquqi şəxslər tərəfindən israf edilib mənimsənilməsində
şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin
179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 ( külli
miqdarda qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə
istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı)
maddələri ilə cinayət işi başlanmışdır.