Ermənilər sərhəd rayonlarından qaçırlar

20 İyul 2012 08:23 (UTC+04:00)

Azərbaycanla sərhədyanı ərazilərdə yaşayan Ermənistan əhalisi sürətlə həmin bölgələri boşaldırlar. Bu barədə məlumat verən erməni mediası yazır ki, belə bölgələrdə yaşayan əhali ya paytaxta, ya da xaricə köç edir. Bu isə sərhəd rayonlarında ermənilərin sayının daha da azalmasına gətirib çıxarır. Belə bir vəziyyət isə Ermənistan hökumətinin narahatlığına səbəb olub. Onlar gedən bu prosesin ölkənin təhlükəsizliyinə mənfi təsir göstərəcəyini əsas gətirməklə artıq həyəcan təbili çalmağa başlayıblar.

Ümumiyyətlə, müstəqillik əldə etdikdən üzü bəri işğalçı Ermənistanın əhalisi azalmağa doğru istiqamət alıb. Bu ölkəni tərk edənlərin sayı ildən-ilə artır. Yuxarıdakı açıqlamadan isə görünür ki, Ermənistan ərazilərinin boşaldılması prosesi Azərbaycanla sərhəd rayonlarında daha sürətli temp alıb. Görəsən, sərhəd rayonlarının ermənilər tərəfindən boşaldılması tendensiyası Qarabağ məsələsinin həllinə nə vəd edir?

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli bildirdi ki, erməni əhalisinin sürətlə sərhədyanı rayonları boşaltmaları Ermənistanın Qarabağla bağlı apardığı siyasətinin iflasa uğramasının nəticəsidir: "Ermənistanda təkcə Azərbaycanla sərhəd rayonlarında deyil, ümumən ölkədə güclü miqrasiya prosesi gedir. Çox güman ki, həmin miqrasiya prosesi də sərhəd rayonlarında daha güclü şəkildə baş verir. İnsanlar müharibə təhlükəsindən qorxur, günlərin birində başlarına bomba yağacağından ehtiyatlanır. Görünür, ermənilər öz ölkə rəhbərlərinin axmaq və yorucu siyasətindən bezərək birdəfəlik olaraq Ermənistandan getmək qərarına gəliblər. Bu məsələnin sərhəd rayonlarında daha intensiv xarakter alması isə bir növ bəhanə rolunu oynayır. Hazırda Ermənistanda ölkədən gedənlərin qarşısını almaq üçün ciddi maneələr qoyublar. Ölkədən getmək istəyənlər bunun üçün əsaslı səbəb göstərməli və geri qayıdacaqları barədə iltizam verməlidirlər. Ona görə də həmin adamlar sərhəd bölgəsində yaşamağın çətin olduğunu əsas gətirərək pul qazanmaq üçün xaricdə yaşayan hansısa qohumunun yanına gedəcəyini bəhanə edərək hakimiyyət dairələrini aldada bilir. Belə bir vəziyyətdə məhz sərhəd amili insanların alibisi kimi sürətli miqrasiyanın həyata keçməsində mühüm rol oynayır. Belədə də Ermənistanın sərhəd rayonları boşalır. Həmin proses Ermənistan üçün çox qorxulu gələcək vəd edir. Çünki hər şey sərhəddən başlayır, eyni zamanda müharibənin taleyini də sərhəd rayonları həll edir. Sərhəd bölgələri ordunun təminatı və qarşı tərəfdən olan hücumlar üçün bir növ güclü istehkamdır. Həmin istehkam tədricən öz gücünü itirirsə, əvvəlki geniş yaşayış məskənləri artıq boşaldılırsa, bu Ermənistan ordusunun ruhi-psixoloji vəziyyətinə güclü təsir göstərir, onu döyüşmək həvəsindən salır. Bu halda Ermənistan ordusunda fərariliyin artması və yaxud əks tərəfə keçmək kimi halların baş verməsi də genişlənir. Sərhədyanı bölgələrdən ermənilərin sürətlə köç etməsi zənnimcə, Ermənistan hökumətinin Qarabağ məsələsində indiyə kimi apardığı siyasətin iflasa uğramasının bariz nümunələrindən biridir".

Digər politoloq Elşən Manafov isə düşünür ki, ermənilərin sözügedən addımı Qarabağ probleminin həllinə nəsə vəd etmir: "Ermənilər tərəfindən sərhədyanı bölgələrin, xüsusən də təmas xətti ətrafı ərazilərin boşaldılması heç də ona dəlalət etmir ki, Ermənistanın qısa zamanda Qarabağ ətrafında danışıqlarda bu və ya digər güzəştə getmək fikri var. Bu sadəcə olaraq, növbəti bir erməni məkri və hiyləsidir. Beynəlxalq birliyin münaqişə ilə bağlı məsələyə münasibətdəki mövqeyində guya ermənilərin hər hansı bir kompromisə getməklə əlaqədar məqamı qabartmaq istəyidir. Güman edirəm ki, cari ilin payızına qədər münaqişənin tənzimlənməsi istiqamətində danışıqlarda hər hansı bir ciddi irəliləyiş və razılığın əldə olacağına ümid etmək əbəs işdir. Ermənistan əvvəllər olduğu kimi yenə də qeyri-konstruktuv mövqeyini sərgiləməkdə davam edir. Onlar ATƏT-in Minsk qrupunun Madrid prinsipinə münasibətdə Azərbaycandan fərqli münasibət sərgiləyir. Ermənistan həm də bu mövqeyində tək deyil. Rusiya bu və ya digər mənada Ermənistanın mövqeyini əvvəlki tək dəstəkləməkdə davam edir. Sərhəd rayonlarının sürətlə boşaldılması sadəcə olaraq, beynəlxalq birliyin Qarabağla bağlı danışıqlarda mövqeyində guya ermənilərin manevr etmək və güzəştlərə getmək fikrini qabartmaq üçün edilən bir hərəkətdir. Eyni zamanda istisna etmək olmaz ki, Ermənistan hər halda dünya mətbuatında Azərbaycan tərəfinin münaqişənin tənzimlənməsi üçün hərbi varianta əl ata biləcəyilə bağlı addımları da nəzərə alır. Ola bilsin, ermənilər bölgədə özlərinin təhlükəsizliyilə bağlı maraqlardan irəli gələrək hər ehtimala qarşı bu addımı atmaq və sığortalanmaq istəyirlər. Ona görə də ermənilər sərhədyanı ərazilərin sürətlə boşaldılmasına rəvac verib. Çünki ekspertlərə görə hər bir an münaqişənin yenidən alovlanmasını istisna etmək olmaz. Azərbaycan prezidenti də dəfələrlə bəyan edib ki, danışıqlar baş tutmasa, ölkəmiz problemin tamam fərqli yollarla həllini tapması üçün müxtəlif variantları, o cümlədən hərbi variantı istisna etmir. Sərhəd rayonlarının ermənilər tərəfindən sürətlə boşaldılmasında bu amili də nəzərə almalıyıq".