Naxçıvan Bəyannaməsinin reallıqları

31 Oktyabr 2014 11:53 (UTC+04:00)

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində fəaliyyət göstərənTürk Akademiyasında "Türk dünyasında inteqrasiya: humanitarvə iqtisadi aspektlər" mövzusunda beynəlxalq elmi seminar keçirilmişdir. Seminarda Türkdilli Ölkələrin Dövlət Başçılarının3 oktyabr 2009-cu il tarixdəkeçirilmiş Naxçıvan Zirvə Toplantısının 5 illik nəticələrinə elmi baxımdan yekun vurulmuş, bu əsasda Naxçıvan Muxtar Respublikasının 90 illiyi qeyd olunmuşdur.

Beynəlxalq seminarı giriş sözü ilə açan Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırali türk dünyasında inteqrasiya proseslərinin genişlənməsində, sistemli və ardıcıl xarakter daşımasında Naxçıvan Zirvə Görüşündə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rolundan və əhəmiyyətindən geniş söz açmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan respublikalarının prezidentlərinin 3 oktyabr 2009-cu ildə Zirvə Görüşündə imzaladıqları Naxçıvan Bəyannaməsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin istiqamətləndirilməsində və tənzimlənməsində mühüm əhəmiyyət kəsb etmişdir. Türk Akademiyasının, Türk Dövlətləri Universitetlər Assosiasiyasının, Mədəniyyət Fondunun yaradılması, türk dünyası üçün xüsusi aktuallıq kəsb edən bir sıra beynəlxalq simpoziumların keçirilməsi, türkologiyanın qızıl fondunu təşkil edən nadir əsərlərin yenidən nəşri, ortaq tədqiqatların və layihələrin formalaşdırılması, ortaq televiziya kanalının təşkiliideyasının irəli sürülməsi Naxçıvan Bəyannaməsindən sonrakı beş ilin əsas yekunları kimi nəzərə çarpdırılmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli beynəlxalq seminarda "Naxçıvan Sammiti və türk dünyasının inkişaf perspektivləri" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə 2009-cu ildə Naxçıvan Zirvə Toplantısının keçirilməsi,ölkə Prezidentinin sərəncamı ilə 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunan muxtar respublikanın keçdiyi inkişaf yolunun əlamətdar tarixi hadisələrindən biri kimi yüksək qiymətləndirilmişdir. Akademik İsa Həbibbəyli, eyni zamanda, türk dünyasının da tarixinə daxil olan və müasir mərhələdə inteqrasiya proseslərinə təkan verən Naxçıvan Bəyannaməsinin elmi-mədəni mühitin inkişafındakı konkret nəticələrindən və perspektivlərindən bəhs etmiş, bu fonda Naxçıvanın tarixinin və müasir inkişafının əhəmiyyətlihadisələrini diqqət mərkəzinə çəkmişdir. Naxçıvan Sammitinin işığında muxtar respublikanın 90 illiyinin Astanada Türk Akademiyasında qeyd edilməsinin inteqrasiya baxımından da əhəmiyyətli hadisə olması nəzərə çarpdırılmışdır. Məruzədə yeni tarixi mərhələdə elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin daha səmərəli təşkili və inkişafı üçün təkliflər də səsləndirilmişdir.

Beynəlxalq seminarda çıxış edən Qırğızıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Abdulcan Əkmətəliyev, Türkiyə Cümhuriyyətini təmsil edən professor Nevzət Şimşək, Qazaxıstan alimləri professor Edil Kulamkadırlı, İlyas Əytinbet, Kayırbek Arıstambekov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli NaxçıvanSammiti və Naxçıvan Bəyannaməsinin işığında türk dünyasında inteqrasiya proseslərinin mühüm yekunlarından, gələcək inkişaf meyillərindən danışmış, təklif və mülahizələrini irəli sürmüşlər.

Beynəlxalq seminarda türk dünyasının bundan sonrakı inteqrasiya proseslərinə dair konsepsiyanın hazırlanması üçün irəli sürülmüş təkliflər müzakirə edilmiş və həmin təkliflərin Əməkdaşlıq Şurasına təqdim edilməsi qərara alınmışdır.

Bundan başqa, Türk Akademiyasının illik nəşri olan "Türk Almanaxı" toplusunda Naxçıvan Sammitində iştirak etmiş Türkdilli ölkələrin dövlət başçılarının çıxışları, Naxçıvan Bəyannaməsinin və Naxçıvan Sazişinin tam mətnləri ingilis dilində çap olunmuşdur. Türk Akademiyasının prezidenti, professor Darxan Kıdıralinin "Böyüktarixi əhəmiyyətə malik olan Bəyannamə" adlı məqaləsində Naxçıvan Bəyannaməsinin mahiyyəti aydınlaşdırılmış, əhəmiyyəti əsaslı şəkildə şərh edilmiş, həyata keçirilmiş geniş miqyaslı tədbirlərin elmi təhlili verilmişdir. "Türk Almanaxı"nda Naxçıvan Samitinin keçirildiyi zaman çəkilmiş şəkillər də oxuculara çatdırılmışdır.