Bu gün Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanları keçirilir

20 İyul 2012 11:05 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan respublikanın 6 şəhərində - Bakıda 37, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7, Şəkidə 3, Lənkəranda 4 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 2528 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 235 imtahan rəhbəri cəlb olunub. 

İmtahanın gedişini işıqlandırmaq üçün 70-dək KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçib. 2012-ci ildə I qrup üzrə 33533 abituriyent ərizə təqdim edib. 

I ixtisas qrupu üzrə sənəd verənlərin 30803 nəfəri Azərbaycan bölməsinin, 2730 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 19847 nəfərini oğlanlar, 13686 nəfərini isə qızlar təşkil edir. 18818 nəfər orta ümumtəhsil məktəblərinin builki, 13259 nəfər əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 167 abituriyent xarici ölkələrin vətəndaşıdır. 123 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1333 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-ci ildən, ən gənc isə 1997-cı ildəndir. 

Bakıda 21080, Naxçıvanda 1324, Gəncədə 3400, Sumqayıtda 4368, Şəkidə 1653, Lənkəranda isə 1708 abituriyent imtahan verir. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. 

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Saat 19:00-da "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək. 

I ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər. 

I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 24-dən 30-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər. 

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq. 

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.