“Mur-Ay”ın sədri bütün günahları öz üzərinə götürüb

11 Aprel 2012 12:08 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində "Mur-Ay" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dələduzluqda təqsirləndirilən sədri Elxan Hüseynov, sədr müavini Sultanov Bəybala Qabil oğlu, "Azərbaycan" Nəşriyyatında direktor müavini vəzifəsində işləyən Məmmədbəyli Qalib Məmməd oğlu və digərlərinin cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası günün ikinci yarısında davam etdirilib. Hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslər vəkilləri tərəfindən verilən vəsatətlərə münasibət bildiriblər. Onlar həmin vəsatətlərlə razı olduqlarını deyiblər. Şirkətin sədri olan Elxan Hüseynov isə bütün günahların onda olduğunu deyib. O, zərərçəkmiş şəxslərdən üzr istəyib. Qalib Məmmədbəyli isə xəstə olduğu üçün onun barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib. Daha sonra vəsatətlərə münasibət bildirmək üçün dövlət ittihamçıları Vüqar Quliyev və Fərid Nağıyevə söz verilib. Onlar vəsatətlərə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyiblər. Proses aprelin 12-də davam etdiriləcək.