İpoteka kreditləri üzrə faiz dərəcələri artır
21 İyul 2012 20:11 (UTC+04:00)
Azərbaycanda İpoteka Fondunun xətti
ilə bu ilin ilk 5 ayında verilən ipoteka kreditlərinin məbləği orta
hesabla 39 min manatdır. Bu barədə "APA-ECONOMICS"ə Azərbaycan
Mərkəzi Bankından bildirilib. AMB-nin
məlumatlarından məlum olur ki, ölkə vətəndaşları ipoteka kreditini
(AİF-in xətti ilə verilən kreditlər) getdikcə daha uzun müddətə
götürməyə üstünlük verirlər. Ötən ilin ilk 5 ayının nəticələrinə
görə kreditlərin orta müddəti 270 ay təşkil etdiyi halda, bu il
iyunun 1-ə bu müddət 277 ay (təqribən 23 il) təşkil
edib.
İpoteka kreditləri
üzrə faiz dərəcələri də artır - bir il əvvəl kreditlər üzrə orta
faiz dərəcəsi 6,92% olduğu halda, hazırda bu göstərici
7,14%-dir.
Faiz dərəcələri ilə yanaşı, aylıq ödənişin məbləği də artıb - ötən
ilin ilk 5 ayının nəticələrinə görə orta aylıq ödəniş 303 manat
olubsa, indi bu rəqəm 312 manata qalxıb.