Tovuzu təşvişə salan gənc ələ keçdi

28 İyul 2012 11:36 (UTC+04:00)

Bu gün Tovuz rayonunun iki kəndində insanları təşvişə salan şayiələr yayılıb. Lent.az-ın məlumatına görə, Abulbəyli kəndində naməlum şəxslərin 17 yaşlı Ədalət Həsənova hücum edərək onu öldürmək istəməsi barədə söz-söhbətlər dolaşmağa başlayıb. Bundan başqa, rayonun Eyyublu kəndində bir neçə gündür ki, naməlum şəxs evlərin damını və pəncərələrini daş-qalaq edib. Gün ərzində rayon polis şöbəsinin əməliyyat qrupları həmin kəndlərdə axtarış aparıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, Ədalət Həsənov qonşuluqda yaşayan Mələk Vəliyevanın evindən oğurluq etmək üçün bu yalanları uydurub. M.Vəliyeva 17 yaşlı oğlanın əməlindən şikayətçi olmadığından və hadisədə cinayət tərkibi müəyyən edilmədiyindən Ə.Həsənov sərbəst buraxılıb.

Eyyublu kəndində evlərə daş atan şəxsin Yanıqlı kənd sakini 22 yaşlı Orxan Qurbanov olması müəyyən edilib. Bu gün O.Qurbanov saxlanılıb.

Qeyd edək ki, son günlər Şəmkir rayonunun kəndlərində də gecələr naməlum şəxslərin insanlara hücum etməsi ilə bağlı şayiələr yayılıb. Hələlik Şəmkirdə saxlanılan olmayıb.