Baş Prokurorluq Salyan rayonunda törədilən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb
28 İyul 2012 11:12 (UTC+04:00)
Baş Prokurorluq
Salyan rayonunda törədilən ağır qətl hadisəsi ilə bağlı məlumat
yayıb.
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 27-də
saat 13:00 radələrində Salyan rayonunun Arbatan kənd sakini
Hüseynov Xəlil Ramiz oğlu qısqanclıq zəminində həyat yoldaşı
Axundova Kubra Abdulrəhim qızını və bacısının əri, Gözəlov Zaur
Nizam oğlunu özündə olan bıçaqla vuraraq qəsdən öldürüb, bundan
sonra isə həyat yoldaşının xalası oğlu Baxışov Cəlal Nizami oğlunu
da bıçaqla vuraraq yaralayıb. Sonuncu ağır vəziyyətdə rayon Mərkəzi
Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə baxış zamanı cinayətin aləti olan bıçaq aşkar
edilərək götürülüb, meyitlər daxili müayinə olunması üçün
məhkəmə-tibb ekspertinə təqdim edilib.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş
təxirəsalınmaz tədbirlər nəticəsində Xəlil Hüseynov tutulub.
Fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci
(iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.
X.Hüseynov ilkin ifadəsində törətdiyi cinayəti tam etiraf edib.
Hazırda iş üzrə istintaq davam etdirilir.