İtən təyyarə ilə bağlı xəbər var
4 Yanvar 2015 17:06 (UTC+04:00)
Qəzaya uğramış "AirAsia" sərnişin təyyarəsinin axtarışları Yava
dənizində, Borneo adası sahillərində hələ də davam edir.
Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, təyyarənin
qalıqları və qəza qurbanlarını axtaranlar təyyarə gövdəsinin dörd
iri fraqmentini aşkar ediblər. Tapılan hissələrdən birinin uzunluğu
18 metrdir.
Bu arada təhqiqat aşkara çıxarıb ki, "A320-200" Surabayadan
Sinqapura uçuş üçün verilmiş marşrut lisenziyasını pozub. Hazırda
"AirAsia" şirkətinin bütün qalan reyslərində təcili yoxlamalar
keçirilir.
Məlum olub ki, qəzadan az əvvəl təyyarənin komandiri 9753 metr
hündürlükdə uçan təyyarəni 11 min 500 metrə qaldırmaq üçün
dispetçerdən icazə istəyib, lakin ona 10 min 360 metr hündürlüyə
qalxmaq icazəsi verilib. Bundan sonra təyyarənin qəfil dik qalxdığı
qeydə alınıb. Ekspertlərin fikrincə, bununla pilotlar "A320"
təyyarəsinin texniki imkanlarını aşıblar.
Rusiyadan olan dalğıcların da axtarışa qoşulmağına baxmayaraq, hava
şəraiti axtarış işlərini çətinləşdirir, belə ki, görüntü 2 metri
keçmir.
Qeyd edək ki, qəzadan salamat çıxanların olmadığı bildirilir.
İndiyədək 30 cəsəd tapılıb, lakin qalan cəsədlərin təyyarə ilə
birlikdə dənizin dibində olduğu güman edilir.