Azərbaycan taxıl ehtiyatını artırır

6 Yanvar 2015 09:40 (UTC+04:00)

Azərbaycan taxıl ehtiyatının həcmini artırır. Belə ki, "Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 18 sentyabr tarixli 206 nömrəli qərarında dəyişiklik edilib.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, taxıl istehsalçıları olan qonşu ölkələrdə son dövrlər baş verən iqlim dəyişikliklərinin, həmçinin respublika ərazisində uzun sürən quraqlıq nəticəsində yarana biləcək vəziyyətin əhalinin taxıl məhsulları ilə təminatına birbaşa və ya dolayı təsirinin qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti qərara alıb ki, 206 nömrəli qərarın 1-ci hissəsində "500 (beş yüz)" sözləri "750 (yeddi yüz əlli)" sözləri ilə əvəz edilsin. Ekspertlərə görə, ehtiyatın artırılmasında məqsəd taxıl qıtlığı və qiymət artımından sığortalanmaqdır. Qeyd edək ki, keçən ilin yayı quraqlıq keçdiyindən taxıl istehsalı sahəsində də müəyyən problemlər üzə çıxdı. Eyni zamanda hazırda dünya miqyasında taxıla olan tələbatın artacağı proqnozlaşdırılır.

Kənd təsərrüfatı üzrə mütəxəssis Ənvər Əliyev məsələ ilə bağlı qeyd edir: "Bir sıra ölkələr var ki, taxıldan hazırlanan məhsullara o qədər də önəm vermir. Bu tendensiya xüsusən də taxılın az yayıldığı şimal ölkələrinə aiddir. Amma bir millət olaraq biz çörəyi hətta müqəddəsləşdirmişik. Dünyanın ən böyük kəşflərindən olan mayadan geniş istifadə edirik. Belədə ölkəmizdə çörəyə olan tələbat daha yüksəkdir. Azərbaycan ailəsinin stolunun üstündə həmişə çörək olmalıdır. Belə başa düşürəm ki, ölkə əhalisinin artımı, təbiətin bir çox şıltaqlıqları, quraqlıqlar, münbit torpaq sahələrinin azalması, tələbatın artımı, dövlətin etibarlı ərzaq və çörəklə təminatı baxımından Taxıl Fondundakı ehtiyatın artırılması tədbirini alqışlamaq olar. İkincisi, Azərbaycan müharibə şəraitində yaşayır. Ərazilərimizin bir hissəsi ermənilər tərəfindən işğal olunub və hər an müharibə alovlana bilər. Təbii ki, torpaqları azad etmək əzmində olaraq, vuruşan ölkənin mütləq ən azı 1,5-2 illik ehtiyatı olmalıdır. Bütün bunları nəzərə alaraq, bu tədbiri müsbət dəyərləndirirəm. Hökumətin hər an üçün əlavə tədbirləri olmalıdır. Taxıl ehtiyatının artırılması Azərbaycana torpaq ehtiyatlarından daha münasib şəkildə istifadə etməyə stimul yarada bilər. Belədə ölkəmizin xaricdən taxıl idxalı asılılığı azalar. Azərbaycan ərazisində gözəl taxıl sortları olub ki, onlar da məhsuldarlığı ilə seçilib. Bu gün də həmin sortlar təkmilləşmədədir. Belədə iqlim şəraitimizə uyğun yaxşı sortları əldə edərək, öz ehtiyatlarımızı artırmalıyıq. Bu halda ən böyük qazancımız ölkənin etibarlı şəkildə ərzaq və çörəklə zəmanət qazanmağımızdır".