Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Zaqatalada dini icmaların fəalları ilə görüşüb

29 İyul 2012 15:26 (UTC+04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Zaqatalada dini icmaların fəalları ilə görüşüb. Komitədən APA-ya verilən məlumata görə, komitə sədri Zaqatalada Cümə məscidini ziyarət edib, Bakı İslam Universitetinin (BİU) Zaqatala şöbəsində pedaqoji heyətlə görüşüb.
E.İskəndərov həmçinin rayon fəalları və Şimal-Qərb bölgəsinə daxil olan rayonların dini icmalarının fəalları ilə də görüşüb.
E. İskəndərov bildirib ki, görüşün keçirilməsində əsas məqsəd bölgədə dini durumu, dini icmaların mövcud imkanlarını, üzləşdikləri problemləri öyrənmək və fəaliyyətləri ilə yaxından tanış olmaqdır. Həmçinin, Dövlət Komitəsinin bölgə ilə bağlı gələcəkdə həyata keçirəcəyi maarifləndirici tədbirləri müəyyənləşdirmək və bu barədə fikir mübadiləsi aparmaq səfərin əsas məqsədlərindəndir.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi, Zaqatala, Balakən və Qax rayonlarındakı dini icmaların rəhbərləri, imamlar, dini icmaların fəalları və ziyalılar çıxış edərək, bölgədəki dini durum və icmaların fəaliyyəti barədə danışıb, təkliflərini söyləyiblər.