Təcili Yardımdan əhaliyə xəbərdarlıq!
9 Yanvar 2015 10:25 (UTC+04:00)
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına
sutkada 1500-ə yaxın müraciət daxil olub. Bakı Şəhər Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə
şöbəsinin böyük həkimi Zemfira Vahidovanın Movqe.az-a verdiyi məlumata görə, yağan qar səbəbindən
son sutkada 35 nəfər xəsarət alıb: " Sutka ərzində 6 avtoqəza olub.
Nəticədə 8 nəfər zərər çəkib. 12 dəm qazı zəhərlənməsi qeydə
alınıb, 6 nəfər xəstəxanaya yerləşdirilib".
Z. Vahidova bildirib ki, TTTYS hava şəraiti ilə əlaqədar əhaliyə
xəbərdarlıq edir: "Əhaliyə səslənirik ki, ehtiyac olmadıqda
küçəyə çıxmasınlar, xüsusən də yaşlı adamlar belə havalarda
ehtiyatlı olmalıdırlar. Buzun üzərində hərəkət edərkən maksimum
ehtiyatlı olsunlar".
Z. Vahidovanın sözlərinə görə, hava şəraiti ilə əlaqədar 140 təcili
tibbi yardım briqadası gücləndirilmiş iş rejimində çalışır.